2 gün sonra dağıntılar altından sağ çıxarıldı: Kolumbiyada möcüzəvi xilasetmə

2 gün sonra dağıntılar altından sağ çıxarıldı: Kolumbiyada möcüzəvi xilasetmə

Kolumbiyada baş verən 7,4 bal gücündə güclü zəlzələdən sonra fəlakət bölgəsindən ümidverici xəbərlər gəlməkdə davam edir. Dağıntıların ən ağır olduğu şəhərlərdən biri olan Kalidə dağılan binanın dağıntıları altından 2 gün sonra körpə çıxarılıb. Körpənin sağ xilas edilməsi axtarış-xilasetmə qruplarına böyük sevinc yaşadıb.

Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir.

Zəlzələ Kolumbiya ilə yanaşı, Venesuela, Ekvador və Panamanın müxtəlif bölgələrində də hiss olunub.

Ölkədə 3 günlük milli matəm elan edilib

Kolumbiya hökumətinin açıqlamasında bildirilib ki, prezident Abelardo de la Espriella zəlzələdən sonra bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə ölkə üzrə 3 günlük milli matəm elan edilib.

Açıqlamada həlak olanların yaxınlarına başsağlığı verilib və qeyd olunub:

“Kolumbiya hökuməti Kolumbiya xalqı adından 10 avqust 2026-cı ildə ölkə ərazisində baş vermiş zəlzələdə həyatını itirənlərlə bağlı dərin kədərini ifadə edir və yas tutan ailələr və dostlarla həmrəy olduğunu bildirir. Fərmana əsasən, üç günlük milli matəm müddətində ölkə üzrə dövlət binalarında və Kolumbiyanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya endiriləcək. Hökumət faciədən zərər çəkənlərlə həmrəy olduğunu və baş verənlərin bütün ölkəni yasa qərq etdiyini bildirir”.

Prezident De la Espriella da “X” hesabında paylaşım edərək axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.

De la Espriella qeyd edib:

“İtkin düşmüş bacı-qardaşlarımızı tapmaq üçün gecə-gündüz yorulmadan çalışan xilasetmə qruplarımıza və axtarış itlərimizə güvənirik. Pereyrada 30 yaşlı Daniela Andrea Largo Sanchez 7 saatlıq axtarışdan sonra bir neçə dəqiqə əvvəl sağ tapılıb. Bu xəbər bizə ümid verir və inanmağa davam etmək üçün güc verir. Daha çox kolumbiyalının sağ tapılaraq ailələrinə qovuşması üçün Allaha və xilasetmə qruplarımızın fədakar fəaliyyətinə güvənirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə