Cütlük evlilik təklifindən sonra saxlanılıb

Cütlük evlilik təklifindən sonra saxlanılıb

Nyu-Yorkun simvollarından sayılan "Empire State Building" binasında qeyri-adi hadisə baş verib. İki nəfər təhlükəsizlik nəzarətinə əməl etməyib, binanın təxminən 443 metr hündürlükdə yerləşən anten hissəsinə dırmaşıb və burada “Sevginin gücü hakimiyyət sevgisinə qalib gələndə dünya sülhü tanıyacaq” sözləri yazılmış banner açıblar.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiya zamanı kişi qadına evlilik təklifi edib və “hə” cavabını alıb. Bundan sonra xüsusi təyinatlı polis əməkdaşları dörd nərdivandan istifadə edərək anten hissəsinə qalxıb, cütlüyü təhlükəsiz şəkildə aşağı endirib və saxlayıb.

Polisin məlumatına görə, saxlanılan şəxslər 33 yaşlı Anjela Nikolau və 32 yaşlı İvan Kuznetsovdur. Onlara qanunsuz daxil olma, insanların həyatını təhlükəyə atma, əmlaka ziyan vurma və digər maddələr üzrə ittihamlar irəli sürülüb. İstintaq orqanları cütlüyün ictimaiyyət üçün qapalı olan əraziyə necə daxil olduğunu araşdırır. Hadisə zamanı müşahidə meydançasına giriş də müvəqqəti məhdudlaşdırılıb.

Məlumata görə, Anjela Nikolau və İvan Kuznetsov hündür binalara qanunsuz dırmaşmaları ilə tanınırlar. Onların macəralarından bəhs edən “Skywalkers: A Love Story” adlı sənədli film 2024-cü ildə yayımlanıb. Nikolau hadisədən sonra nişan üzüyünü və binanın zirvəsində çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Keçmiş FBI rəhbər müavini Endryu Makkeyb bildirib ki, bu cür aksiyalar son dərəcə təhlükəlidir və başqalarını da oxşar addımlar atmağa həvəsləndirə bilər. Onun sözlərinə görə, belə hallarda məsul şəxslərin qanun qarşısında cavab verməsi vacibdir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə