Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynaya qarşı dörd ildən artıqdır davam edən müharibəni davam etdirmək niyyətindədir və Kiyevin uzaqmənzilli raketlərdən istifadəyə məhdudiyyət qoyulması, eləcə də hərbi əməliyyatların dayandırılması ilə bağlı təkliflərini qəbul etməyəcək.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putin Rusiyanın dövlət televiziyasına verdiyi müsahibədə deyib ki, Ukrayna sülhə doğru addım kimi uzaqmənzilli hücumların qarşılıqlı şəkildə dayandırılmasını təklif edib. Lakin o, bu təşəbbüsün Ukrayna qüvvələrinin 1250 kilometrlik cəbhə xətti boyunca artan təzyiq altında olması ilə əlaqədar irəli sürüldüyünü iddia edib.
"Bu təklifin niyə irəli sürüldüyü aydındır. Çünki Ukrayna ərazisinin dərinliklərinə endirdiyimiz zərbələr daha güclü, daha təsirli və açıq desək, daha dağıdıcıdır", – deyə Putin bildirib.
Rusiya Prezidenti əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin ciddi şəxsi heyət çatışmazlığı yaşadığını iddia edir və Kiyevin bu təkliflə vəziyyətdən çıxış yolu axtardığını düşünür.
"Ukrayna Silahlı Qüvvələrinin fəlakətli şəxsi heyət çatışmazlığını nəzərə alsaq, görünür, onlar bunun özləri üçün xilas yolu ola biləcəyinə inanırlar. Lakin Kiyev rejimini xilas etmək bizim planlarımızın bir hissəsi deyil", – deyə Putin vurğulayıb.
Ukrayna rəsmiləri hələlik Putinin açıqlamalarına, o cümlədən Kiyevin uzaqmənzilli raketlərin istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı təklif irəli sürdüyü iddiasına münasibət bildirməyiblər.
Putin, həmçinin etiraf edib ki, Ukraynanın son aylarda Rusiyanın neft sənayesini hədəf alan pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar səbəbindən ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək zərurəti yaranıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB