Çindən peyk interneti sahəsində yeni addım

Çin peyk internet texnologiyasını inkişaf etdirmək məqsədilə SatNet test peykini Cielong-3 (“Ağıllı Əjdaha-3”) raketi ilə uğurla kosmosa buraxıb. Peyk planlaşdırılan orbitinə yerləşib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, SatNet test peyki Sarı dəniz sahilində yerləşən Hayyan şəhəri yaxınlığında qurulmuş dəniz platformasından buraxılıb.

Peykin Alçaq Yer Orbitində nəzərdə tutulan mövqeyinə yerləşdirilməsi ilə həyata keçirilən bu buraxılış Cielong-3 raketi ilə icra olunan 11-ci uğurlu missiya olub.

Çin Raket Daşıyıcı Texnologiyaları Akademiyası (CALT) tərəfindən hazırlanmış Cielong-3 raketi yer səthindən 500 kilometr yüksəklikdə yerləşən Günəşə sinxron orbitə 1,6 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.

31 metr uzunluğa və 2,65 metr diametrə malik olan bərk yanacaqlı raket 4 mərhələli işə düşmə mexanizmi ilə təchiz olunub. Kommersiya peyk bazarında artan tələbatı qarşılamaq məqsədi daşıyan bu raketin buraxılış xərclərini hər kiloqram üçün 10 min dollardan aşağı salacağı gözlənilir.

CALT daha əvvəl hazırladığı Cielong-1 raketi ilə 2019-cu ildə Günəşə sinxron orbitə 3 peyk buraxmışdı. Birinci nəsil raketin daşıma qabiliyyəti 200 kiloqram idi. Növbəti nəsil Cielong-4 raketinin isə 2,5 ton yük daşımaq imkanına malik olması planlaşdırılır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə