Myanmada 6100-dən çox məhbus azadlığa buraxılıb...

...Müstəqillik Günü münasibətilə

Myanmanın hərbi xuntası ölkənin Britaniya müstəmləkə hakimiyyətindən müstəqilliyinin 78-ci ildönümü münasibəti ilə elan etdiyi amnistiya ilə 6 min 100-dən çox məhbusun azadlığa buraxıldığını bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hakimiyyət orqanları bir sıra digər məhbusun cəza müddətini də azaldıb. Azadolma prosesinin bir neçə gün davam etməsi gözlənilir.

Amnistiyaya baxmayaraq, hələlik tanınmış siyasi məhbusların azadlığa buraxılacağına dair heç bir əlamət yoxdur. 2021-ci ilin fevral ayında baş verən hərbi çevrilişdən bəri minlərlə demokratiya tərəfdarı, siyasətçi və fəal həbs olunub. Məlumata görə, azadlığa buraxılanlar arasında ölkənin devrilmiş mülki lideri, Nobel Sülh Mükafatı laureatı Aun San Su Çji da yoxdur.

Nəşr yazır ki, amnistiya hərbi rejimin mübahisəli seçkilərin keçirilməsi fonunda elan olunub ki, onlar əksər müxalifət qüvvələri tərəfindən boykot edilib. Müşahidəçilər hesab edirlər ki, seçkilər generalların hakimiyyətini legitimləşdirmək məqsədi daşıyır. Eyni zamanda, ölkədə hökumət qüvvələri ilə anti-xunta qruplaşmaları arasında silahlı toqquşmalar davam edir.

Əlli iki xarici məhbusun humanitar səbəblərdən azadlığa buraxılması da bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə