Macarıstan Avropa İttifaqının (Aİ) Rusiya-Ukrayna münaqişəsi fonunda enerji infrastrukturuna edilən hücumları dolayı şəkildə təşviq etdiyini bildirərək, bunun qlobal təhlükəsizliyə ciddi təhdid yaratdığını bəyan edib. Budapeşt xüsusən Rusiyadan enerji idxalını qadağan edən “RePowerEU” tənzimləməsinə qarşı çıxır və onu Avropa Məhkəməsində mübahisələndirməyə hazırlaşır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, macar rəsmilərinin fikrincə, enerji məsələlərinin siyasiləşdirilməsi və ideologiyalaşdırılması dünya miqyasında təhlükəli presedent yaradır. Onlar hesab edirlər ki, hazırkı böhranlar dövründə bir çox ölkənin enerji təchizatı risk altındadır və Aİ-nin qəbul etdiyi qərarlar bəzi enerji mənbələrinin və tranzit marşrutlarının istifadəsini faktiki olaraq mümkünsüz edib.
Macarıstan KİV-ləri XİN rəhbəri Peter Siyartonun ötən çərşənbə günü İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin toplantısındakı çıxışına geniş yer ayırıblar. Siyarto türk ölkələrinin rasional və praktiki yanaşmasını yüksək qiymətləndirib və Aİ-nin bunun əksinə olaraq “zərərli yanaşma” sərgilədiyini bildirib.
Budapeşt “RePowerEU” sənədinin qəbulunun milli enerji suverenliyinə müdaxilə olduğunu düşünür. Macarıstan, həmçinin Aİ-də nüvə energetikasına qarşı ideoloji hücumların artmasından narazıdır və bunun Avropanın artan enerji tələbatını təhlükəsiz və iqtisadi cəhətdən səmərəli şəkildə ödəməyə mane olduğunu vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB