ABŞ-ın Tennessi ştatında yerləşən "Accurate Energetic Systems" zavodunda baş vermiş güclü partlayış müəssisəni tamamilə məhv edib. SİA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, partlayış 16 nəfərin həyatına son qoyub. Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, 20 kilometr radiusda yerləşən evlər titrəyib. Yerli sakinlərdən biri evinin uçduğunu düşündüyünü bildirib.
Hadisə yerində yalnız yanmış konstruksiyalar, əyilmiş metal parçaları və yanmış avtomobillər qalıb. Rəsmi qurumlar sağ qalanların olmadığını açıqlayıb. Zavod ABŞ ordusu üçün partlayıcı maddələrin istehsalı və tədqiqatı ilə məşğul olub. Partlayışın səbəbləri hələlik məlum deyil. İstintaqçılar yanmış ərazini hər metr üzrə araşdıraraq sübutlar axtarırlar. Hamfris dairəsinin şerifi Kris Deyvis bildirib ki, hadisə yerində təxminən 300 xilasedici çalışır. Onun sözlərinə görə, əməliyyat təkrar partlayış riski səbəbindən yavaş və ehtiyatla aparılır. Hakimiyyət orqanları qalıqların identifikasiyası üçün ekspress-DNT analizindən istifadə edən mütəxəssislər cəlb edib.
Yaxınlıqdakı Maküen şəhərinin sakinləri yerli kilsədə dua mərasimi keçirərək həlak olanların ailələrinə dəstək olublar. "Pastor Tim Ferris" yazıb ki, bu faciə bir-birinə bağlı olan icmanı dərindən sarsıdıb — bir çoxları dostlarını və qohumlarını itirib. Tennessi ştatının qubernatoru Bill Li vəziyyəti izlədiyini və ştat sakinlərini həlak olanların ailələri üçün dua etməyə çağırdığını bildirib. ABŞ ordusu və donanması üçün partlayıcı maddələr və sursatlar tədarük edən "Accurate Energetic Systems" şirkəti daha əvvəl də nəzarət orqanlarının diqqətini çəkmişdi — 2019-cu ildə müəssisə təhlükəsizlik qaydalarının pozulmasına görə cərimələnmişdi.
İstintaq hadisənin bütün mümkün versiyalarını, o cümlədən insan faktını nəzərdən keçirir. Jurnalistlərin bildirdiyinə görə, araşdırma həftələrlə, hətta aylarla davam edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə