BMT Baş katibi Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı alqışlayıb

ABŞ Prezidenti tərəfindən irəli sürülən təklif əsasında Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı alqışlayırıq. SİA-nın məlumatına görə, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib. O, vasitəçiliyə görə ABŞ, Qətər, Misir və Türkiyəyə təşəkkür edib və bütün tərəfləri sazişin şərtlərinə tam əməl etməyə çağırıb.

“Bütün girovlar layiqli şəkildə azad edilməlidir. Daimi atəşkəs təmin edilməlidir. Döyüş birdəfəlik dayandırılmalıdır. Humanitar ləvazimatların və zəruri kommersiya materiallarının Qəzzaya dərhal və maneəsiz daxil olması təmin edilməlidir. Əzablara son qoyulmalıdır”,- deyə Baş katib bildirib.

O, BMT-nin sazişin tam icrasını dəstəklədiyini vurğulayıb. “Mən bütün maraqlı tərəfləri işğala son qoymaq, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımaq, israillilər və fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşamalarını təmin etmək üçün iki dövlətli həllə aparan yol yaratmaq üçün bu mühüm fürsətdən istifadə etməyə çağırıram”,- deyə A.Quterreş əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə