Almaniyada avqust ayında sənaye istehsalının həcmi avtomobil istehsalında kəskin azalma nəticəsində gözləniləndən çox daha kəskin şəkildə azalıb. Bu, ABŞ tərəfindən tariflərinin tətbiqi ərəfəsində tələbin azalması fonunda baş verib. SİA “Reuters”ə istinadla xəbər verir ki, Federal Statistika İdarəsi çərşənbə günü sənaye istehsalının əvvəlki ayla müqayisədə 4,3 faiz azaldığını, bunun 2022-ci ilin martından bəri ən böyük azalma olduğunu bildirib.
Statistika İdarəsinin məlumatına görə, Almaniyanın ən böyük sənaye sektoru olan avtomobil sənayesində zavodların illik tətillərə bağlanması və istehsalın yenidən tənzimlənməsi səbəbindən istehsal həcmləri əvvəlki ayla müqayisədə 18,5 faiz azalıb.
Almaniyanın ən böyük ticarət tərəfdaşı olan ABŞ tərəfindən tələbat, Prezident Donald Trampın tətbiq etdiyi tarifləri gözləyərkən bir neçə ay ərzində ilkin alışlardan sonra yavaşlayıb.
“Commerzbank”ın baş iqtisadçısı Ralf Solvinin sözlərinə görə, bugünkü məlumatlar Almaniya iqtisadiyyatının üçüncü rübdə praktiki olaraq artmadığının daha bir sübutdur.
Alman iqtisadiyyatı artıq illərdir Rusiya-Ukrayna müharibəsindən sonra enerjidaşıyıcılara artan qiymətlər səbəbindən çətinliklərlə üzləşir.
Statistika İdarəsinin məlumatına görə, ümumi göstəriciyə həmçinin maşın və avadanlıqların, əczaçılıq preparatlarının, elektro-texniki və kompüter avadanlığının, elektron və optik malların istehsalının əhəmiyyətli dərəcədə azalması da təsir edib.
Bütün xəbərlər Facebook səhifəmizdə