Türkiyə və Rusiya prezidentləri son regional hadisələri müzakirə ediblər

Türkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan regional məsələlərin həllində Türkiyə ilə Rusiyanın əməkdaşlığının mühüm rol oynadığını, Rusiya-Ukrayna arasında davam edən müharibənin dayandırılması üçün başladılan prosesi ölkəsinin yaxından izlədiyini və davamlı sülhün təmin olunması üçün sülh danışıqlarına ev sahibliyi etmək də daxil olmaqla hər cür dəstəyə hazır olduğunu bildirib.

Prezident Ərdoğan, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoş niyyətli addımların sülh prosesinə töhfə verəcəyini söyləyib.

Türkiyə Prezidenti ölkəsinin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Bildirilib ki, Suriyanın ərazi bütövlüyü çərçivəsində qalıcı sülh və sabitliyin təmin olunması, bu ölkənin birliyini pozmağa yönəlmiş etnik və məzhəb ayrı-seçkiliyi cəhdlərinin qarşısının alınması və Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün Türkiyə ilə Rusiyanın birlikdə fəaliyyəti vacibdir.

Diqqətə çatdırılıb ki, Suriyanın bundan sonra terror təşkilatları üçün əlverişli bir sahə olmaqdan tamamilə çıxarılması bu ölkənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə