Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Almaniya parlamentinin - Bundestaqın ilk iclası işə başlayıb. SİA xəbər verir ki, iclasda Xristian Demokratlar İttifaqının (CDU) üzvü, 52 yaşlı Yuliya Klökner yeni Bundestaqın sədri seçilib. Səsvermədə 382 deputat onun lehinə, 204 nəfər əleyhinə səs verib, 31 deputat bitərəf qalıb və 5 səs etibarsız hesab edilib.

Beləliklə, o, ölkədə ikinci ən yüksək vəzifəyə seçilən dördüncü qadındır. Daha əvvəl bu postu Annemari Renqer (SPD, 1972–1976), Rita Süssmuth (CDU, 1988–1998) və Bärbel Bas (SPD, 2021-ci ildən) tutublar. Bu vəzifə üçün namizəd irəli sürmək hüququ ənənəvi olaraq Bundestaqdakı ən böyük fraksiyaya məxsusdur. CDU/CSU fraksiyası Yuliya Klöknerin namizədliyini yekdilliklə irəli sürmüşdü.

2002–2011-ci illərdə də Bundestaqın üzvü olan Yuliya Klökner 2009–2011-ci illərdə Federal Kənd Təsərrüfatı Nazirliyində parlament dövlət katibi vəzifəsində çalışıb. O, daha sonra Reynland-Pfalts əyalətində siyasi mübarizəyə qoşulub və Baş nazir vəzifəsinə namizədliyini iki dəfə irəli sürsə də uğursuz olub. 2017-ci ildə yenidən Bundestaqa qayıdan qadın siyasətçi 2021-ci ilədək Angela Merkelin hökumətində kənd təsərrüfatı naziri vəzifəsini icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə