UC Santa Cruz tədqiqatçıları nevroloji xəritələndirmə prosesini sürətləndirmək üçün süni intellektə əsaslanan yeni bir proqram – Bell Jar - hazırlayıblar. Bu proqram siçan beyninin histoloji analizini avtomatlaşdıraraq neyroanatomiya tədqiqatlarında dəqiqliyi və səmərəliliyi artırır. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, tələbə Alec Soronov tərəfindən professor Euiseok Kimin laboratoriyasında hazırlanan Bell Jar beyin toxumasının nazik dilimlərinin istinad atlası ilə uyğunlaşdırılmasını avtomatlaşdırır. Əvvəlki üsullardan fərqli olaraq bu proqram maşın öyrənməsindən istifadə edərək neyronları daha dəqiq müəyyənləşdirir və tədqiqatçılar üçün subyektivliyi azaldır. Ənənəvi olaraq, beyin nümunələrinin analiz prosesi həftələrlə vaxt aparırdı. Lakin Bell Jar ilə bu müddət əhəmiyyətli dərəcədə qısalır. A.Soronovun sözlərinə görə, proqram bir siçan beyni üçün üç həftəlik əl ilə analiz və hesablama vaxtına qənaət edir.
Proqram istifadəçi dostu olmaqla yanaşı, açıq mənbəli kod şəklində GitHubda paylaşılıb. Bu, dünya üzrə tədqiqatçılara proqramı inkişaf etdirmək və öz layihələrinə uyğunlaşdırmaq imkanı yaradır. A.Soronov 2022-ci ildə Baskin Mühəndislik Məktəbindən Dekan Mükafatını qazandıqdan sonra “PlusTen Intelligence” adlı şirkətini qurub. O, neyron əsaslı süni intellekt sistemlərinin sənaye tətbiqlərinə inteqrasiyası üzərində işləyir.
Professor Kim-in sözlərinə görə, Bell Jar laboratoriyanın daha geniş məqsədlərinə uyğun gəlir və beyin əlaqələrinin daha yaxşı başa düşülməsinə kömək edir: “Bu alət tədqiqatları daha sürətli və effektiv aparmağa imkan verir. Əsas məqam da budur”.
Bütün xəbərlər Facebook səhifəmizdə