Duda Milli Təhlükəsizlik Şurasını toplayır

ABŞ-Rusiya danışıqları fonunda...

Polşa prezidenti Anjey Duda fevralın 24-də Rusiya və ABŞ arasında aparılan danışıqlar və Ağ Ev nümayəndələri ilə Avropa müttəfiqləri arasında Ukrayna üzrə ilk məsləhətləşmələr fonunda Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

…İnanıram ki, bu beynəlxalq problemləri geniş formatda müzakirə etməyin vaxtı çatıb. Mən Milli Təhlükəsizlik Şurasını çağırmaq qərarına gəldim. O, gələn bazar ertəsi baş tutacaq.

SİA-nın məlumatına görə, Duda TVP İnfo tərəfindən yayımlanan mətbuat konfransında deyib.

Polşa Təhlükəsizlik Şurasının iclaslarında parlamentin yuxarı və aşağı palatalarının spikerləri, baş nazir, Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin rəhbərləri, xüsusi xidmət orqanlarının koordinasiyasını həyata keçirən nazir, parlament fraksiyalarının rəhbərləri, prezident aparatının nümayəndəsi və Milli Təhlükəsizlik Bürosunun rəhbəri iştirak edir.

Polşa Təhlükəsizlik Şurası sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammitindən əvvəl toplaşıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə