Trampın vergi islahatları Britaniyaya 18 milyard funt sterlinqə başa gələ bilər

ABŞ Prezidenti Donald Trampın korporativ vergi endirimləri Böyük Britaniyanın iqtisadiyyatına ağır zərbə vura bilər. SİA “The Telegraph”a istinadla xəbər verir ki, yeni iqtisadi modelləşdirməyə görə, D.Trampın planlaşdırdığı vergi azalmaları nəticəsində Britaniya iqtisadiyyatı 18 milyard funt sterlinq itirə bilər.

Tramp seçki kampaniyasında ABŞ korporativ vergisini əhəmiyyətli dərəcədə azaltmağı vəd edib və artıq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) minimal vergi sazişindən imtina etdiyini açıqlayıb. Bu sazişin məqsədi ölkələr arasında vergi rəqabətini azaltmaq idi.

Hazırda Böyük Britaniyada korporativ vergi 25 faizdir, bu isə digər ölkələrlə müqayisədə yüksək hesab olunur. “Prosperity Institute”un təhlilinə görə, əgər ABŞ-da korporativ vergi 14 faizə endirilsə, bu, Britaniyaya qoyulan ABŞ investisiyalarının kəskin azalmasına səbəb ola bilər: “Əgər ABŞ hökuməti korporativ vergini 14 faizə - “OECD”nin minimum həddi olan 15 faizdən bir bənd aşağı endirsə, bu, ABŞ və Britaniya arasındakı vergi fərqini 11 faizə çatdıracaq. Bu isə Britaniya iqtisadiyyatına 2030-31-ci illərədək ABŞ-dan gələn birbaşa xarici investisiyalarda 18,2 milyard funt sterlinqə qədər azalmaya səbəb ola bilər”,- deyə, hesabatda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə