Britaniyanın Baş naziri NATO Baş katibi ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb. SİA Baş nazirliyin sözçüsünə istinadla xəbər verir ki, liderlər Avropanın müdafiə və təhlükəsizlik sahəsində üzləşdiyi çağırışları müzakirə ediblər. Baş nazir K. Starmer Böyük Britaniyanın NATO-ya sadiqliyini bir daha vurğulayaraq, Alyansın ölkənin təhlükəsizlik strategiyasının əsas dayağı olduğunu bildirib.

NATO baş katibi Mark Rutte Britaniyanın Ukraynaya verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Tərəflər, Rusiyaya qarşı təzyiqin saxlanılması üçün bütün müttəfiqlərin daha çox məsuliyyət daşımalı olduğunu qeyd ediblər.

K. Starmer Ukraynaya son səfəri barədə NATO Baş katibini məlumatlandıraraq Ukrayna əsgərlərinin şücaətini yüksək qiymətləndirib. Bundan əlavə o, Böyük Britaniya və Avropa İttifaqı arasında daha güclü təhlükəsizlik tərəfdaşlığına nail olmaq istəyini ifadə edib. O, bu əməkdaşlığın NATO-nu daha da gücləndirəcəyini və təhlükəsizlik sahəsində əməkdaşlığı artıracağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə