İsrailin hücumları nəticəsində qaçqın vəziyyətinə düşən on minlərlə fələstinli Qəzzanın cənubundan şimalındakı torpaqlara qayıtmağa başlayıb. İsrailin Qəzza zolağının şimalı ilə cənubunu ayıran Netzarim dəhlizindən keçidə yerli vaxtla saat 07:00-da icazə verəcəyi açıqlamasının ardından minlərlə fələstinli özləri ilə götürə bildikləri əşyalarla Rəşid prospektindən şimala doğru hərəkətə başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Razılaşmaya əsasən, Qəzzanın şimalına Salahəddin prospekti ilə qayıdış isə yerli vaxtla saat 09:00-da başlayıb. Bu marşrutda geri dönüşlərin yalnız nəqliyyat vasitələri ilə həyata keçirilməsi planlaşdırılır. Qəzzanın cənubundan şimalına qayıdış zamanı istifadə ediləcək nəqliyyat vasitələrinin keçid nöqtəsində Amerikanın özəl təhlükəsizlik şirkətinin yoxlama aparacağı bildirilir. Salahəddin prospekti üzərində İsrailə aid pilotsuz uçuş aparatlarının (PUA) uçuş həyata keçirdiyi qeyd olunur.
Xatırladaq ki, İsrailin hücumları nəticəsində Qəzzanın şimalındakı binaların 80-90 faizi dağıdılmış olsa da, 15 ay ərzində məcburi köçkün vəziyyətinə düşən fələstinlilər torpaqlarına geri qayıtmaq istədiklərini vurğulayır. “Həmas” təşkilatı siyasi bürosunun üzvü İzzət ər-Rişq verdiyi yazılı açıqlamada Qəzza xalqını "müqəddəs və mübarək qayıdış" münasibətilə təbrik edib. O, "Bu, böyük bir gündür. Məcburi köçkünlərin şimala geri dönüşü İsrail işğalının Fələstin xalqını torpaqlarından köçürmək barədə bütün xəyallarını və yanlış fikirlərini darmadağın edir" ifadələrini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə