Türk Qırmızı Aypara Cəmiyyəti Suriyanın paytaxtı Dəməşqdə əlil və ehtiyac sahibi şəxslərə yardım payladı. Yardım paylanmasında Türkiyənin buradakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Burhan Köroğlu da iştirak etdi.
Suriyada keçmiş rejimin çökməsindən sonra yeni bir dövrün başladığına diqqət çəkən Köroğlu "Suriyada bu dövrdə çox böyük ehtiyaclar var. Yeni bir dövlət qurulur. Bir çox qurum demək olar ki, sıfırlanıb. İnfrastruktur çox pis vəziyyətdədir. Xalqın ehtiyacları var. Biz də bu ehtiyacları ödəmək üçün ölkə olaraq çalışacağıq" dedi.
Türk Qırmızı Aypara Cəmiyyətinin Suriya Nümayəndəliyinin rəhbəri Fərhad Sürməli isə "13 illik müddət ərzində biz Suriyanın şimalında var idik, amma Bəşər Əsəd rejiminin devrilməsi ilə artıq Suriyanın hər bölgəsinə çıxış imkanımız oldu. Suriyada Türkiyənin şəfqət əlini çatdırmadığımız heç bir bölgə qalmasın istəyirik" deyə bildirdi.
SİA-nın məlumatına görə, yardım kampaniyasında əlil və ehtiyac sahibi 250 ailəyə ərzaq, su və yorğan paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə