Türkiyədə silah zavodunda baş verən partlayışda 12 nəfər ölüb

Türkiyənin qərbindəki Balıkəsir vilayətindəki fabrikdə baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb.

SİA-nın məlumatına görə, CNN Türk yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, daha üç nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, onu qonşu kəndin sakinləri də hiss ediblər.

Partlayışdan sonra binanın damı uçub. Dağıntılar altında olan insanların axtarışı davam edir.

Xilasetmə işlərinə 112 təcili tibbi yardım briqadası və yanğınsöndürən cəlb olunub.

Partlayış istehsalat sexində baş verib.

CNN-in məlumatına görə, orada hər növbədə 20 nəfər işləyirdi. Əyalət valisi İsmayıl Ustaoğlu bildirib ki, yeni partlayış riski yoxdur.

Partlayışın səbəbi hələlik məlum deyil. Amma rayon rəhbərinin sözlərinə görə, təxribatdan söhbət getmir.

Prokurorluq araşdırmaya başlayıb.

Şirkətin saytında verilən məlumata görə, zavod başqa şeylərlə yanaşı, ovçuluq və idman üçün döyüş sursatları və mülki istifadə üçün partlayıcı maddələr də istehsal edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə