TİKA İordaniyada yeni layihə icra edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İordaniyanın Zərqa vilayətində yerləşən Ordu Dil İnstitutunda Türk dili kursu üçün sinif otağı və kompüter laboratoriyası açıb. Açılış mərasimi Türkiyənin Əmman səfirliyinin müşaviri Can Mutluer, TİKA-nın İordaniya üzrə koordinatoru Əbdürrəhman Soylu və İordaniya Ordusu Təhsil İdarəsinin rəisi general-mayor Ziyad Nakraşın iştirakı ilə keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə həmçinin İordaniyada fəaliyyət göstərən türk təşkilatlarının nümayəndələri və institutda çalışan çoxsaylı yüksək rütbəli iordaniyalı hərbçi iştirak edib.

Mutluer çıxışında bu layihənin Türkiyə ilə İordaniya arasındakı əlaqələri daha da gücləndirəcəyini vurğulayıb və gələcəkdə də layihələrin davam edəcəyini qeyd edib.

Nakraş isə İordaniya ilə Türkiyə arasındakı münasibətlərin təkcə dostluq deyil, eyni zamanda qardaşlıq əlaqələri olduğunu ifadə edib.

İordaniyalı rəsmilər sinif otağı və laboratoriyanın açılışı ilə bağlı Türkiyəyə və TİKA-ya təşəkkürlərini bildirib.

TİKA-nın İordaniya üzrə koordinatoru Soylu isə hərbçilərin Türk dilini başlanğıc səviyyədə İordaniyada öyrəndiklərini daha sonra isə yüksək səviyyədə təhsil üçün Türkiyəyə gəldiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə