Rusiya taxıl anbarlarını hədəf alıb

Rusiyanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda taxıl anbarlarına ziyan dəydiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Odessa Vilayəti Hərbi İdarə rəisi Oleq Kiper sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Odessa bölgəsinin cənubunda PUA-larla gecə 3 saat ərzində hücum təşkil etdiyini bildirib.

Rusiya ordusunun hədəfinin bölgənin infrastrukturu olduğunu ifadə edən Kiper, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 9 “Şahed” tipli PUA-nı məhv etdiyini qeyd edib.

"Təəssüf ki, istehsal və yükləmə obyektlərinə ziyan dəyib, 700 kvadratmetr sahədə yanğın baş verib. Yanğın səhər saat 06:09-dan etibarən nəzarətə götürülüb. Taxıl anbarlarına da ziyan dəyib", - deyə Kiper bildirib. Kiper, hücumlarda itkilərin olmadığını qeyd edib.

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin də sosial media hesabında rus əsgərlərinin səhər saatlarında Xersonda uşaq bağçası və yaşayış evlərinə 2 idarə olunan raket atdığını, hücumda 6 nəfərin yaralandığını bildirib.

Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın bir gündə Ukrayna ərazisinə 4 raket və 58 hava zərbəsi endirdiyi qeyd olunub.

Cəbhə xəttində 30-dan çox toqquşma yaşandığına diqqət çəkilərək, Ukrayna ordusunun Avdiyivka və Marinka istiqamətində Rusiya hücumlarını dəf etməyə davam etdiyi söylənilib.

Açıqlamada, Ukrayna Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində rus əsgərlərinin cəmləşdiyi bölgələrə 11, Rusiya raketdən müdafiə sistemlərinə isə 2 hücum təşkil etdiyi bildirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə