Taxıl müqaviləsi uzadılmayacaq? - ABŞ

ABŞ Taxıl müqaviləsinin uzadılmasını istəyir. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfrası zamanı danışıb. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş və Türkiyənin təşəbbüsləri ilə Qara Dəniz Taxıl Dəhlizinin müddəti yenidən uzadılmalıdır.

Prays qeyd edib ki, Qara Dəniz Taxıl Dəhlizi qlobal ərzaq təhlükəsizliyi ilə mübarizədə və ərzaq qiymətlərində sabitliyin təmin edilməsində mühüm bir vasitədir: "ABŞ Baş Katib Quterreşin Rusiya və Ukrayna taxılını dünya bazarına gətirmək səylərini güclü şəkildə dəstəkləyir ”.

Prays xatırladıb ki, ötən ilin avqust ayından Qara Dəniz Taxıl Dəhlizi çərçivəsində bazara 23 milyon metrik ton taxıl və yağlı bitkilər çıxarılıb və bu taxılın 4 milyon metrik tonunun inkişaf etməkdə olan ölkələrə getdiyini qeyd edib. Təşəbbüs çərçivəsində Yəmən, Efiopiya, Somali və Əfqanıstan kimi böyük ərzaq böhranı ilə üzləşən ölkələrə Ümumdünya Ərzaq Proqramı vasitəsilə 16 gəminin taxıl çatdırıldığını qeyd edib.

Qara Dəniz Taxıl Təşəbbüsündən əvvəl dünyada gübrə və buğda qiymətlərinin yüzdə 30 artdığına diqqətçəkən Prays, "Qara Dəniz Taxıl Təşəbbüsü uğurlu oldu, taxıl qiymətlərini aşağı saldı, taxıl axınını qorudu və inkişaf etməkdə olan ölkələrdə milyonlarla insan buğdanın məhsuldarlığını təmin etdi. Ərzaq problemi kəskin ərzaq qıtlığından xilas oldu. Nəticədə, dünyanın Ukrayna taxılına ehtiyacı var”.

Ukraynada müharibənin başlaması ilə ortaya çıxan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması ilə bağlı Qara Dəniz Taxıl müqaviləsi 22 iyul 2022-ci il tarixində İstanbulda Ukrayna, Rusiya və Türkiyə arasında imzalanıb. Daha sonra 19 noyabr 2022-ci ildə Prezident Ərdoğanın təşəbbüsləri ilə Türkiyənin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində müddəti bitmiş təşəbbüs 19 noyabr 2022-ci il tarixindən 120 gün uzadılıb.

Xatırladaq ki, Taxıl Dəhlizinin müqavilə müddəti martın 18-i bitir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə