Avropa qazı kömürlə əvəzlədi

Təbii qaz axınının dayanması kömürdən istifadəni çoxaltdı. SİA xəbər verir ki, uzun illərdir ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı siyasət həyata keçirən və kömürdən uzaqlaşan Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi və Rusiyadan təbii qaz axınının dayanması səbəbindən bu yanaşmanı dəyişməli olub. Beynəlxalq Enerji Agentliyinin (IEA) illik "Kömür 2022" hesabatına görə, 2022-ci ildə qlobal kömür istehlakı əvvəlki ilə nisbətən 1,2 faiz artarkən, Aİ-də artım isə 6,5 faizə çatıb.

Beləliklə, 2021-ci ildə 449 milyon ton olan Aİ ölkələrinin kömür istehlakı 2022-ci ildə 478 milyon tona çatıb. Bu artımda elektrik enerjisi istehsalında istifadə olunan kömürə tələbatın artması təsirli olmuşdur.

2021-ci ildə 332 milyon ton olan Aİ ölkələrinin ümumi kömür hasilatı 2022-ci ildə yüzdə 7,3 artaraq 357 milyon tona çatıb.

Xatırladaq ki, 1990-cı ildə Aİ-də elektrik enerjisi istehsalının 40 faizini təmin edən istilik elektrik stansiyalarının payı 30 il ərzində azalma tendensiyası göstərmişdir. Elektrik enerjisi istehsalında kömürün payı 2020-ci ildə 13 faizə qədər azalıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə