“Qarabağ”ın sabiq qapıçısı “Everton”da

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçularla gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi “Bornmut”dan qapıçı Asmir Beqoviç ilə “Kristal Pelas”dan yarımmüdafiəçi Andros Taunsendi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Beqoviçlə 1+1, Taunsendlə 2 illik müqavilə imzalanıb.

Asmir Beqoviç peşəkar karyerasına “Portsmut”da başlayıb. Bosniya və Herseqovina yığmasının üzvü “Luvr”, “Maklesfild Taun”, “Yeovil Taun”, “İpsviç Taun”, “Stok Siti”, “Çelsi”, “Milan” kimi klublarda forma geyinib. 2017-ci ildən “Bornmut”da olan futbolçu, 2019-cu ildə “Qarabağ”da da icarədə oynayıb. 34 yaşlı qolkiper ötən mövsüm 51 rəsmi matça çıxıb, eyni sayda qol buraxıb.

Andors Taunsend isə “Tottenhem”in yetirməsidir. 30 yaşlı ingilis futbolçu “Yeovil Taun”, “Leyton Orient”, “Milton”, “İpsviç Taun”, “Uotford”, “Milluol”, “Lids”, “Birmingem Siti”, KPR, “Nyukasl” kimi klublarda forma geyinib. İngiltərə yığmasında da oynamış vinger, 2016-cı ildən “Kristal Pelas”ın uğurları üçün çalışıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...