"Qarabağ üçün Frankfurt görüşü mövsümün taleyini müəyyən edəcək" -ŞƏRH EDİLDİ

"Qarabağın bu turdakı ‘Ayntraxt Frankfurt’ qarşılaşması yalnız qrupun növbəti mərhələsi baxımından deyil, həm də komandanın ümumi mövsüm strategiyası baxımından kritik əhəmiyyət kəsb edir. Hazırkı xal balansını və növbəti turdakı rəqibin ‘Liverpool’ kimi bir nəhəng olduğunu nəzərə aldıqda, növbəti qarşılaşmada qələbə alternativsiz görünür". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, ‘Ayntraxt Frankfurt’ oyun üslubu baxımından dinamik pressləşmə, ikinci topların qazanılması və cinah sürəti üzərində qurulmuş bir komanda obrazı göstərir: "Qarabağ" isə daha çox nəzarətli hücumlar, uzun kombinasiyalar və topa sahib olma prinsipini prioritetləşdirən yanaşma ilə çıxış edir. Bu səbəbdən "Qarabağ"ın qələbə üçün ən optimal variantlarından biri topa nəzarət etməklə yanaşı, keçid fazasında daha sürətli həmlələr qurmaqdır. Xüsusilə "Frankfurt"un müdafiə arxasına çoxlu boşluqlar buraxdığı anlarda "Qarabağ"ın hücum xətti bunu cəzalandıra bilər. Eyni zamanda, standart vəziyyətlər bu qarşılaşmada həlledici məqam ola biləcək sahələrdən biridir. Matçın tempi və ritmi "Qarabağ"ın tərəfində olmalıdır. "Frankfurt" ritmi sərtləşdirib oyunu daha sürətli eyni zamanda daha xaotik müstəviyə çəkməyə çalışacaq, çünki onların struktur olaraq belə qarşılaşmalardan daha çox fayda götürmə təcrübəsi var. "Qarabağ" isə oyunu ağılla “sındırmalı”, lazım gəldikdə tempi aşağı salmalı, həmçinin cinah müdafiəsini ikiqat gücləndirməlidir. Mərkəzdə top itkisi riskinin minimuma endirilməsi də önəmli faktordur, çünki "Frankfurt" tranzisiya hücumlarında ən təhlükəli komandalar sırasındadır.

Bu matç "Qarabağ"ın yalnız taktiki deyil, həm də psixoloji səviyyədə yetkinliyini ortaya qoyacaq. Komanda uzun illərdir böyük turnirlərin atmosferində təcrübə toplayıb, lakin bu cür “məcburi qələbə” tələbi ilə yanaşan oyunlarda emosional sabitlik bəzən matçın taleyini müəyyən edir. Bu nöqtədə həm səhnənin böyüklüyü, həm də azarkeş dəstəyinin yaratdığı impuls "Qarabağ"ın xeyrinə ola bilər. Eyni zamanda oyunçuların müəyyən fazalarda risk almağa hazır olmaları lazımdır, çünki bərabərlik bu matçda faktiki olaraq qaneedici nəticə sayıla bilməz. Ümumilikdə "Qarabağ"ın bu görüşdə texniki-taktiki cəhətdən daha ağıllı, daha nəzarətli və eyni zamanda daha cəsarətli çıxış göstərməsi qələbə şansını artıracaq. Növbəti turda ‘Liverpool’ qarşılaşmasının gözlənilməsi fonunda çətinliklər ikiqat artır, lakin məhz buna görə bu oyun Qarabağın mövsüm taleyini müəyyən edən ən kritik 90 dəqiqələrdən biri olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə