Sentyabr ayında keçiriləcək III MDB Oyunlarına hazırlaşan Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) “İdman Paytaxtı” seçilməsi ilə bağlı sertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimi keçirilib. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən tədbir Heydər Əliyev Park-Kompleksində baş tutub.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzindən "Zəfər Tağı"nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları nümayiş olunub. Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx təqdim edilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehr Hojizoda çıxış ediblər.
Ardınca Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin “İdman Paytaxtı” seçilməsi ilə bağlı sertifikat şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə