"Atletiko” ulduz futbolçu uğrunda mübarizəyə qoşuldu

“Milan” və Fransa millisinin cinah müdafiəçisi Teo Ernandesin ətrafında transfer intriqası getdikcə qızışır. SİA xəbər verir ki, 27 yaşlı futbolçu ilə əsas maraqlanan klub Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasıdır. Ərəblər artıq “Milan”la transfer şərtlərini razılaşdırıblar. Söhbət 30+5 milyon avroluq təklifdən gedir. Lakin Teo hələ də “Əl-Hilal”a keçidə razılıq verməyib və bu vəziyyətdən Madrid “Atletiko”su yararlanmağa çalışır. İspaniya klubu Teonu əldə etmək üçün qarşı tərəfə öz müdafiəçisi Nauel Molinanı da əhatə edən mübadilə təklif edib. Lakin “Milan” bu variantı qəbul etməyib və futbolçusunu yalnız pul qarşılığında satmaq niyyətindədir. “Əl-Hilal” rəhbərliyi isə ümid edir ki, “İnter”dən ayrılan və yaxın günlərdə komandanın sükanı arxasına keçəcək Simone İnzaqi fransalını transferə razı sala biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə