AMADA "Böyük Dəbilqə" turnirində maarifləndirici təbliğat proqramı təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində idmançılar, məşqçilər və azarkeşlər üçün maarifləndirici təbliğat proqramı təşkil edib. SİA xəbər verir ki, turnir zamanı AMADA-nın əməkdaşları xüsusi stend vasitəsilə antidopinq sahəsində vacib məlumatları ziyarətçilərlə bölüşüblər.

Stendi ziyarət edənlərə antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələrin siyahısı, dopinqdən istifadənin sağlamlığa və idman karyerasına mənfi təsirləri, həmçinin narkomaniyanın fəsadları barədə geniş məlumat verilib.

AMADA nümayəndələri ziyarətçilərin suallarını cavablandıraraq, sağlam və ədalətli idmanın təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Proqramın maraqlı hissələrindən biri AMADA tərəfindən keçirilən antidopinq üzrə maarifləndirici sorğular olub. Sorğunun nəticələrinə əsasən, düzgün cavab verən iştirakçılara müxtəlif xatirə hədiyyələri təqdim edilib. Bu, maarifləndirici məlumatların həm əyləncəli, həm də interaktiv şəkildə yayılmasına imkan yaradıb.

Bu cür tədbirlər vasitəsilə AMADA idmançılar və idman ictimaiyyəti arasında antidopinq biliklərinin artırılmasına, sağlam və ədalətli yarış mühitinin təşviq edilməsinə töhfə vermək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə