2023-cü il AGF üçün necə yadda qaldı? - QURUM RƏSMİSİ AÇIQLADI

"2023-cü ildə güləş üzrə nəticələrimiz müsbət oldu. Baxmayaraq ki, keçən il rus və belarus idmançıları müharibə ilə əlaqədar olaraq yarışlara buraxılmırdısa, cari ildə baş tutan yeniyetmələr arasında Avropa çempionatından etibarən yarışlara buraxıldılar. Ona görə də rəqabət güclü idi. Buna baxmayaraq uğurlu nəticələr əldə etdik. U-23 Avropa çempionatında komanda hesabına görə çempion olduq, sərbəst güləş üzrə yığmamız böyüklər arasında keçirilən Avropa çempionatında yenə komanda hesabı ilə birinci oldu, yunan-Roma komandamız az fərqlə ikinci yer tutdu, həmçinin gənclər arasında Avropa çempionatında komandamız ilk üçlükdə yer aldı, müxtəlif göstəricilər üzrə rekordlar da qeydə alındı". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib.

Onun sözlərinə görə, əsas nəticə böyüklərin dünya çempionatında qeydə alınıb: "Tarixdə ilk dəfə yunan-Roma güləşi üzrə komandamız dünya çempionu oldu. Bu, çox böyük nəticə idi. Doğrudur, bu il lisenziya sayı gözlədiyimizdən az oldu".

Qurum rəsmisi bildirib ki, növbəti il Bakıda ilk dəfə iki yarış keçiriləcək: "Bunlardan biri 4-7 aprel tarixlərində keçiriləcək Avropa Olimpiya Təsnifat turniridir. Mayın 19-26-sı tarixlərində isə U-23 Avropa çempionatı olacaq. Bizim üçün daha önəmlisi olimpiadadır. Mümkün qədər çox lisenziya qazanmağa çalışacağıq. Hazırda 18 lisenziyadan üçünü qazanmışıq. Əsas məqsədimiz qalan lisenziyaların əksəriyyətini Bakıda əldə etməkdir. Çünki doğma azarkeşlər önündə şansımız daha yüksəkdir. Əgər bu yarışda qazana bilməsək, bunun üçün 9-12 may tarixlərində İstanbulda keçiləcək yarışda daha bir şansımız olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə