"Ölkəmizdə idman sahəsi uğurla inkişaf edir" - İDMANÇI ŞƏRH ETDİ

"Mən 1997-ci ildən idman sahəsində fəaliyyət göstərirəm. Deyə bilərəm ki, bu illər ərzində Azərbaycan idmanı özünün ən pik dövrünü yaşayıb. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi böyük diqqət və dəstək nəticəsində Azərbaycan idmanı və idmançılarımız hər yerdə sayılıb və hörmətə layiq görülüb. İdman sahəsində həm ölkə daxilində, həm də xaricdə böyük nailiyyətlər əldə olunub". Bu sözləri SİA-ya açıqlamasında kikboksinq üzrə Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının "əməkdar idman ustası", Sərhədçi İdman Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalov deyib.

Onun sözlərinə görə, bütün bunlar ölkə başçısının bu sahəyə olan qayğısı və diqqəti nəticəsində həyata keçib: "Azərbaycan Prezidenti hər zaman biz idmançılara dayaq olub. Buna görə Sərhədçi Kikboksinq Klubunun adından dövlət rəhbərimizə təşəkkür edirəm".

"Düşünürəm ki, hazırda Azərbaycanda idmanın güləş növü daha çox inkişaf edib. Milli güləşçilərimiz dünya üzrə həqiqətən də uğurlu nəticələrə nail olur. Qeyri-olimpiya idman növlərindən isə kikboksinqi misal göstərə bilərəm. Demək olar ki, idman sahəsində kütləvilik kikboksinqdə daha çoxdur. Ümumilikdə götürdükdə isə Azərbaycanda bütün idman növləri inkişaf etdirilir. İdman sahəsinin inkişafı üçün kifayət qədər addımlar atılır. Qeyri-olimpiya idman növlərinə bir qədər ayrı-seçkilik müşahidə olunur. Bu idman növlərinə diqqət daha da artırılsa, çox yaxşı olar. Buna baxmayaraq həm ölkə başçısından, həm Gənclər və idman nazirindən, həm də federasiyamızın prezidentindən çox razıyıq. Rəhbərlik bütün idmançılarla yaxından maraqlanır və həm maddi, həm mənəvi baxımdan dəstək olur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə