Güləş üzrə yığmamız dünya çempionatına necə hazırlaşır? - QURUM RƏSMİSİ DANIŞDI

"Güləşin hər üç növü üzrə yığmamız təlim-məşq toplanışına başlayıb. Qadınlardan ibarət komandamız sentyabrın son 10 günlüyündən oktyabrın 7-dək Göygöldə təlim-məşq toplanışı keçdi. Bu toplanışlar, əsasən, fiziki hazırlığın yüksəldilməsinə hesablanıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib.

O bildirib ki, hazırda qadın güləşçilərimiz də Bakıdadır və yunan-Roma güləşi üzrə millimizlə birgə Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında son hazırlıqlarını keçirlər: "Sərbəst güləş üzrə milli komandamız isə oktyabrın 4-dən Rusiyanın Vladiqafqaz şəhərinə yollanıb. Oradakı təlim-məşq toplanışı oktyabrın 18-dək davam edəcək. Daha sonra komandamız Bakıya qayıdaraq son məşqlərini həyata keçirib dünya çempionatına yollanacaq".

S.Musalı onu da qeyd edib ki, ilk olaraq ayın 21-də sərbəst güləş üzrə yığmamız səfər edəcək: "Daha sonra qadınlardan ibarət millimiz, ən son isə yunan-Roma güləşi üzrə milli komandamız çempionata yola düşəcəklər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə