"Qalib gəldikdə ilk olaraq çəkdiyim əziyyətlər yadıma düşdü" - Dünya çempionlarının təəssüratları

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. 2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. SİA qızıl medal qazanan güləşçilərimizin təəssüratlarını öyrənib.

Güləş üzrə ikiqat dünya çempionu Rafiq Hüseynov: "Çox sevinirəm ki, ikinci dəfə Dünya çempionu adına sahib oldum. Məndən öncə bunu ölkəmizdə Fərid Mansurov və Eldəniz Əzizli etmişdi. Bu ada layiq görülmək mənim üçün şərəfdir.

Dünya çempionatında 82 kq-da iştirak edən hər bir idmançını öncədən analiz etmişdim. Finaldakı rəqibimizi də həmçinin. Əslində yarımfinal görüşü mənim üçün finaldan daha ağır idi. Çünki rəqiblə bir neçə dəfə qarşılaşmışam. Son Avropa çempionatında o, mənə qalib gələrək Avropa çempionu olmuşdur. İndi isə mən qalib gəldim.

Qalib gəldikdə ilk olaraq əziyyətim yadıma düşdü. Çünki kifayət qədər çox zədələrlə bu yarışa hazırlaşmışdım. Həm də əməliyyatdan sonra ilk böyük uğurum idi. Ona görə ilk olaraq əməliyyat olunan çiynimi göstərdim və sevindim ki, əziyyətim yerdə qalmayıb.

Qarşıda bizi çətin sınaq gözləyir. Bakıda keçiriləcək hərbiçilərin Dünya çempionatı var. Hərbçi olduğum üçün bu yarışa var-gücümlə hazırlaşıb yaxşı çıxış etməliyəm".

Güləş üzrə üçqat dünya çempionu Eldəniz Əzizli: "Təbii ki, yarış barədə təəssüratlar xoşdur. Hazırlıq proseslərim çox yaxşı keçmişdi. Məhz bu yarış üçün xüsusi hazırlaşmışdıq. Çünki bizim üçün çox önəmli idi. Bu yarışa hazırlaşanda məqsədim üçüncü dəfə dünya çempionu olmaq idi. Hər şey düşündüyüm kimi oldu. Allah mənə bunu nəsib etdi. Gələcək planlar haqqında fikirləşmək hələ tezdir. Bir müddət istirahət etdikdən sonra gələcək işlərimi düşünməyə vaxt ayıracam".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə