Daha iki boksçumuz “Qızıl kəmər” seriyasında mərhələ adlayıb

Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində turnir davam edir. Yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı mübarizə aparıb. SİA Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, Avropa Oyunlarının mükafatçısı Tayfur Əliyev (60 kq) səkkizdəbir final çərçivəsində Kərim Abdulla (Mali) ilə qarşılaşıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0. T.Əliyev yarımfinala gedən yolda rusiyalı Vsevolod Şumkovla döyüşəcək.

T.Əliyevin uğurunu qardaşı Sərxan Əliyev də təkrarlayıb. Turnirdə 71 kiloqram çəki dərəcəsində gücünü sınayan dünya çempionatının bürünc medalçısı ilk qarşılaşmasında Sarohatua Lumbantobinqlə (İndoneziya) münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 hesabı ilə məğlub edən S.Əliyev mərhələ adlayıb. Təmsilçimiz dörddəbir finalda Alimami Kristian Tomasla (Sierra Leone) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışın üçüncü günündə Murad Allahverdiyev (80 kq) İmam Xatayevlə (Rusiya), Mirşərif Kazımzadə (75 kq) David Mvenekabve (Konqo Demokratik Respublikası) ilə döyüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə