Vinetka, yoxsa direktorların biznes marağı? - EKSPERT TƏNQİD ETDİ

“İlk növbədə qeyd edim ki, bu il orta ümumtəhsil məktəblərindən 85 min şagird məzun olacaq. Artıq Azərbaycanda uzun illərdir ki, orta ümumtəhsil məktəblərində təkcə 11-ci sinifi bitirənlər yox, eyni zamanda 1,2,3 və 4-cü sinif uşaqlara da vinetka çəkdirirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu, artıq bəzi direktorların biznes obyektinə çevrilib: “Artıq ölkədə fəaliyyət göstərən bir çox məktəb direktorları yerli fotostudiyalarla əlaqə saxlayaraq, onlarla faizə işləyirlər. Yəni, hər uşağa veriləcək foto albomdan müəyyən bir məbləği mənimsəyirlər. Bu, ciddi ənənə halını alıb. Şagirdlər bütün fəsillərdə fotosessiya etdirirlər”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Biz uşaqların albomlarına baxanda bütün il ərzini görə bilirik. Əslində, bu, yaxşı bir tendensiyadır. Amma burada böyük maliyyə tələb olunur. Foto albomların ən ucuzu 70-80 manatdır. Bu məbləğ 150-200 manata qədər yüksəlir. Bəzən imkanı olmayan uşaqlar burada psixoloji təzyiqə məruz qalır. Məktəblər öz maraqları üçün uşaqların psixologiyasına təsir göstərməməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə