Kişilər niyə müəllim olmaq istəmir? - ŞƏRH EDİLDİ

“Ölkəmizdə kişi müəllimlərin azalma səbəbi onların əməkhaqlarının azlığı ilə bağlıdır. Qeyd edim ki, 1998-1999-cu illərdən etibarən əməkhaqlarının azlığı kişi müəllimlərin də sayını azaltdı. Bunun nəticəsində təhsil müəssilərində qadın müəllimlərin sayı çoxaldı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hal-hazırda ölkəmizdə fəaliyyət göstərən 4447 orta ümumtəhsil müəssisəsi var və burada 160 min nəfərə yaxın müəllim heyyəti çalışır ki, onlardan 120 min nəfərdən çoxu qadınlardır: “Eyni zamanda, idarəetmə sahəsində, yəni məktəb direktorları, direktor müavinləri və laborantların böyük əksəriyyəti qadınlardır. Nəticə etibarilə məktəblərdə daha çox qadınlar üstünlük təşkil edir.

İstənilən halda qadın müəllimlərin əməkhaqqı onlara uyğundur. Lakin bu əməkhaqqı kişilərə uyğun deyil. Kişilər ailə başçısıdır və onların pula daha çox ehtiyacı var. Bu səbəbdən də onlar pedaqoji sahədən qaçırlar.

Düşünürəm ki, müəllimlərin əməkhaqqı artsa gələcəkdə kişi müəllimlər də üstünlük təşkil edər. Orta ümumtəhsil müəssiələrində qadın müəllimlərin çox olması qarşıdakı dövr ərzində ciddi fəsadlarla nəticələnə bilər. Bu psixoloji amillə bağlıdır. Burada biz müəyyən aspektləri nəzərə alaraq bildiririk. Son dövrlər qadın-qız xüsusiyyətini özündə yansıdan oğlan uşaqlarının sayının artması da bununla bağlıdır”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Əməkhaqqı həm qadın, həm kişilərə görə azdır. Cins bölgüsü apararaq əməkhaqqı təyin etmək də yanlışdır. 800-1000 manat əməkhaqqı həm qadın, həm də kişi üçün uyğundur.

Qadın müəllimlərin çox olduğu məktəblərdə şagirdlər mənfi mənada rahat olurlar. Qadınlar humanistdir və onlarda analıq hissləri baş qaldırır. Kişi müəllimlərdə isə sərt mexanizmlər özünü göstərir və bəzi məsələlərdə kişi müəllimlərin çoxluğu neqativ halların qarşısını ala bilir. Böyük əksəriyyət direktoru qadın olan məktəblərdə böyük boşluqlar olur. Lakin istisna hallar da var.

Bu gün ortaümumtəhsil müəssisələrində dərs keçən müəllimlərin əksəriyyəti bədən tərbiyəsi və gənclərin çağırışa qədər müəllimi olub. Qaldı ki, Fizika, Riyaziyyat, Kimya və Biologiya müəllimlərinin əksəriyyəti də qadınlardır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə