Maska tələbinin ləğv olunmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib. Lakin yumşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlanılıb. Bəs görək şəhər sakinləri maskadan istifadə tələbinin ləğv edilməsi ilə barədə nə düşünür. SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Pərviz Mirzəyev: "Təbii ki, maska tələbi ləğv olunsa daha yaxşıdır. Düşünürəm ki, maska taxmaq nəyisə dəyişdirmir. Hər şey insanın özündən asılıdır. Sağlamlığımızı qorumaq öz əlimizdədir".

Şəhər sakini Solmaz Hacıyeva: "Məncə, maska taxmaq məsələsi könüllü olmalıdır. Çox adam heç maska tələbinə riayət etmirdi. Mən yaşlı adamam. Başa düşürəm ki, çox adam olan yerdə maskamı taxmalıyam. Çünki hal-hazırda şərait bizdən bunu tələb edir. Ən azından tələb ləğv olunana kimi qaydalara əməl etsək daha yaxşı olar".

Şəhər sakini Əli Hüseynov: "Yoluxmanın azaldığını nəzərə alsaq, maska istifadəsi ləğv edilə bilər. Bəzi obyektlərin fəaliyyəti ilə bağlı qadağalar aradan götürülüb. Artıq maska tələbi də ləğv olunsa yaxşı olar. Havalar da getdikcə istiləşir. Metro və ya avtobuslarda insan maska taxarkən nəfəs almaqda çətinlik çəkir. Tələb ləğv olunsa da, olunmasa da xəstələrin sayı arta bilər. Yəni, maskanın bizi qoruduğunu düşünmürəm".

Şəhər sakini Gülxar Qurbanova: "Maska tələbi ləğv olunmasa belə insanlar ondan istəyinə uyğun istifadə edirlər. Hal-hazırda yoluxma sayı azalıb. Amma yenə də insanlar qorunsa yaxşıdır. Heç kim yoluxmanın artmayacağına qarantiya verə bilməz".

Şəhər sakini Elşən Məmmədov: "Hesab edirəm ki, xəstəlik tam şəkildə bitəndən sonra maskadan istifadə tələbi ləğv olunmalıdır. Onsuz da açıq havada məcburi deyil. Qapalı məkanlarda, insanların çox olduğu yerlərdə maska taxsaq, bir az da olsa, vəziyyəti yaxşılaşdırmağa kömək edərik".

Şəhər sakini Nəsibə Novruzova: "Mən maskanın ləğv olunması tərəfdarıyam. Artıq getdikcə maska taxmaq insanı narahat edir. Amma ləğv olunduqdan sonra da hamı gərək özünü qorusun".

Şəhər sakini Fikrət Tağıyev: "Demək olar ki, Azərbaycandan başqa dünyanın hər yerində maska tələbi ləğv olunub. Maska da, Covid-19 pasportu da ləğv olunmalı, yollar da açılmalıdır. Artıq xəstəliyin davam edəcəyinə inanmıram".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə