Xaşın səhər yeyilməsinin sirləri AÇIQLANDI - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

“Xaş milli mətbəximizdə özünəməxsus yer tutur. Xüsusən qış aylarında, soyuq zamanlarda istehlak edilir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova bildirib.

Onun sözlərinə görə, tərkibi olduqca zəngin olan xaş, bir çox vitaminləri (A, B) özündə ehtiva edir: "Əlbəttə bu da insan orqanizminin formalaşmasına çox yaxşı təsir göstərir. Zəngin tərkibinə görə, uşaqların və yeniyetmələrin istehlak etməsi xüsusi vurğulanır. Tərkibindəki vitaminlər məhz hüceyrə artımına, immunitetin güclənməsinə və orqanizmin artımına kömək edir. Tərkibində bir çox mineral və maddələr var. Sink, kalsium, maqnezium bunlar hamısı sümüklərin formalaşmasına, beyinin yaxşı işləməsinə, sinir sisteminin sakitləşdirilməsinə, mədə-bağırsaq sisteminin formalaşmasına çox gözəl təsir edir.

Xaşın səhər tezdən yeyilməsinin xüsusi səbəbi yoxdur. Sadəcə xaş çox kalorili yemək hesab edildiyi üçün səhər tezdən istehlak edilməsi daha məqsədəuyğundur ki, gün ərzində həmin enerjini sərf etsin. Onun təkibindəki xolesterin və s. kimi yağların parçalanması üçün mütləq sirkə, sarımsaq, nar şirəsi, hətta çox az bir miqdarda 20-50 qram spirtli içki ilə istehlak edilməsi məsləhətlidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə