Karantin rejiminin yumşaldılması yoluxmaların sayını artıra bilər? -Sorğu

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.

Bəs bu yumşalmalar yenidən yoluxmaların artmasına səbəb ola bilərmi?
Biz də SİA olaraq bu mövzuda mütəxəssislərin fikirlərini öyrəndik.

“Ümumiyyətlə, yoluxma sayında enmələr-qalxmalar olması hər zaman mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, lakin hazırda peyvəndlənmə statistikasına diqqət yetirsək, xüsusilə də yoluxmaların isti havalara doğru artması ehtimalı azalır: “Yoluxmaların sayının azalmasını müşahidə edirik. Bu azalmalar da vaksinasiyanın sürəti artdıqca yoluxmanın sayının da azalmasını müşahidə edəcəyik. Bizi tədricən normal həyata keçmək ehtimalı gözləyir. Bu baxımdan da karantin tədbirlərinin yumşaldılması, normal həyata qayıtmağımız reallaşmaq istiqamətindədir”.

“Bildiyimiz kimi, karantin rejimi yumşaldılıb. Təbii ki, bu, xəstəliyin artmasına səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, çünki mən daimi olaraq ictimai yerlərdə oluram və görürəm ki, insanlar özlərini qətiyyən xəstəliklərdən qorumur: “Məsələn, bu yaxınlarda toyda idim. Bunun şahidi oldum ki, hər kəs bir-biri ilə yaxın şəkildə görüşür, qucaqlaşır. Yəni hər kəs biri-birilə çox yaxın təmasda olur. İnsanlar elə davranırlar ki, sanki bu bəla bir neçə ildir ki, bizim ətrafımızda deyil. Deməli, biz iki ildir, lazımi maarifləndirmə işlərini görə bilməmişik. İnsanlar elə düşünürlər ki, bu yumşalma oldu və xəstəlik artıq bitdi. Elə hərəkət edirlər ki, sanki tək problem, sadəcə olaraq, karantin rejimi imiş. Buna görə də düşünürəm ki, bu istiqamətdə maarifləndirmə işlərimiz hələ davam etməlidir.
Təəssüf ki, bütün bunları nəzərə alsaq xəstəliklərin artması gözləniləndir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə