Məktəblərdə bu üzrə ciddi nəzarət olacaq - AİB SƏDRİ AÇIQLADI

"15 il öncə Azad İstehlakçılar Birliyi (AİB) ucqar kənd məktəblərində İstehlakçının Dostu layihəsini reallaşdırıb. Ona görə Qida Bələdçisi layihəsi mənə çox doğma gəlir. Bu, hər məktəbdən bir nəfər olmaqla Asan Xidmət tərəfindən seçilmiş könüllülər əsasında Qida Təhlükəsizlik Agentliyinin (AQTA) məktəbdəki sanitariya və yeməkxanadakı problemlərlə bağlı aparılacaq işlərə ictimai dəstək verən, AQTA ilə daim əlaqədə olan bir layihədir". Bu sözləri SİA-ya açıqlamasında AİB sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, 8 il öncə məktəb yeməkxanaları üçün ayrıca standartlar hazırlanıb və bu standartlar tərəfindən müəyyən tələblər qoyulub: "Məktəblərdə ən pis vəziyyətlərdən biri sanitar qovşaqların bərbad şəkildə olması məsələsidir".

Sədr sözlərinə belə davam edib: "Qida Bələdçisi layihəsi yalnız məktəb yeməkxanalarına deyil, eləcə də sanitar qovşaqlarına, məktəb yaxınlığında arzuolunmaz qidaların satılmasına da nəzarət edəcək. Məsələn, Tütün və Tütün Məmulatları haqqında qanunda məktəb yaxınlığında siqaretlərin satışı qadağan olunur. Görünür ki, Qida Bələdçiləri həm bu məsələyə, həm də şagirdlərin siqaret çəkməsi probleminə nəzarəti yerinə yetirəcək. AİB də öz növbəsində bu layihəyə mümkün olan köməkliyi göstərəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə