Qidaların keyfiyyəti insanları qane edir? - ŞƏHƏR SAKİNLƏRİNİN FİKİRLƏRİ - SORĞU
Qida və ya qida məhsulları - orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımıdır. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. Deməli, qidalar bizim həyatımızda böyük bir yerə sahibdir. Buna görə də qəbul etdiyimiz qidaların keyfiyyəti də orqanizmimiz üçün böyük əhəmiyyət daşıyır. Bəs hazırda qidaların keyfiyyəti hansı səviyyədədir? Vətəndaşları qane edirmi? SİA olaraq mövzu ilə bağlı vətəndaşların fikirlərini öyrəndik:

Şəhər sakini Günel İsaqova: “Azərbaycanda qidaların keyfiyyəti, əslində, məni qane edir. Bildiyimiz kimi, qidaların böyük bir hissəsi xarici ölkələrdən gəlir. Keyfiyyət qane etsə belə, qiymətləri qane etmir. Çünki son zamanlarda artımlar çox oldu. Bir tələbə olaraq, təbii ki, bu prosesin çətinliyi bizi də narahat edir. Əminəm ki, bu proses bir çoxlarımızı narahat edir. Amma ümumi olaraq keyfiyyətlə bağlı bir problem olmadığını düşünürəm".
Şəhər sakini Qəşəm Kərimov: “Hazırda bir çox qidanın keyfiyyəti məni qane etmir. Çünki qidaların bir çoxu xəstəlik mənbəyinə çevrilib. Xüsusilə də yağ, un kimi məhsulların keyfiyyəti ilə bağlı problemlər çoxdur. Hər biri xaricdən gəlir və keyfiyyəti də məlum deyil. Xüsusilə də, İran və Rusiyadan gələn məhsulları, ümumiyyətlə, almamağa çalışıram. Lakin yerli məhsullarımızın keyfiyyətindən məmnunam”.
Şəhər sakini Samirə Gülməmmədova:
“Azərbaycanda mağazalarda satışda həm yerli, həm də xarici məhsullar var. Xarici məhsulların keyfiyyəti isə məlum deyil. Buna görə təbii ki, bizi qane etmir. Öz məhsullarımıza daha çox üstünlük veririk. Lakin bir çox məhsullar var ki, onların istehsalı, ümumiyyətlə, ölkəmizdə yoxdur. Bu zaman artıq məcbur qalırıq ki, mənşəyindən əmin olmadığımız və keyfiyyətini bəyənmədiyimiz nisbətən bahalı olan məhsulları alaq".

Şəhər sakini Namiq Məmmədov: “Qidaların keyfiyyəti məni qətiyyən qane etmir. Öz yerli məhsullarımıza daha çox üstünlük verirəm. Amma bu da tam olaraq məni qane etmir. Xüsusilə də şirniyyatlarda daha çox xarici məhsulların keyfiyyəti yaxşı olur. Lakin onlar da olduqca baha olur. Büdcəyə uyğun olmadığı üçün də almaq mümkün olmur”.
Şəhər sakini Ceyran Kazımova:
“Xüsusilə ət və toyuq məhsullarının keyfiyyəti qane etmir. Öz məhsullarımıza isə daha çox üstünlük verirəm. Çünki xarici məhsullar bir neçə müddət gömrükdə daha sonra isə depoda gözləyir. Təbiidir ki, keyfiyyətli məhsul belə bu qədər müddət keyfiyyətini itirir. Buna görə də öz yerli məhsullarımıza üstünlük verirəm”.
Şəhər sakini Nailə Svetlanova: “Axır vaxtlar qidaların keyfiyyətində müsbətyönümlü irəliləyişin olduğunu düşünürəm. Mən həm xarici, həm də yerli məhsullardan istifadə edirəm. Süd və ət məhsullarında isə yerli mala daha çox üstünlük verirəm”.
Şəhər sakini Nizami Aslanov: “Qida sənayesinin istehsal etdiyi məhsullar bizə xaricdən gələn məhsullardan demək olar ki, geri qalmır. Əksinə, bəzi hallarda yerli məhsullarımızın keyfiyyəti daha yaxşı olur. Ümid edirəm ki, qida sənayesində daha da inkişaf edəcəyik”.
Şəhər sakini Həqiqət Hüseyova: “Məhsulların keyfiyyəti ilə bağlı böyük bir problem yoxdur. Lakin bəzi hallarda mağazalarda vaxtı keçmiş məhsullar da satılır. Bu da təbii ki, insanların sağlamlığına müəyyən təsirlər göstərir”.
Şəhər sakini Rüzgar Ağzadə: “Qidaların keyfiyyəti məni qane etmir. Çünki bir çoxları orqanizmə olduqca ziyanlıdır. Təbii ki, böyük bir problem yaşamamışam. Lakin məlumdur ki, keyfiyyətsiz qidalar müəyyən problemlərə səbəb olur”.
Şəhər sakini Paşa Məmmədov: “Məhsulların keyfiyyətindən qətiyyən razı deyiləm. Böyük bir problem yaşamamışıq. Amma nə qədər yaxşı məhsul almağa çalışsaq belə, yenə də bir çox məhsulun keyfiyyətindən razı deyiləm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB