Vəziyyət o yerə çatıb ki, şagird özü müəllimdən siqarət alır - BAXIŞ - SORĞU

Yanvarın 24-ü sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirilən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. Fakt üzrə Xətai RPİ-nın İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü(Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F. Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hətrəkətləri davam etdirilir.

Bəs gəlin görək, şagirdin müəllimi döyməsi hadisəsinə paytaxt sakinləri necə baxır? SİA olaraq onlar arasında sorğu keçirdik.

Şəhər sakini Şəbnəm Məmmədova: “Şagirdi bu məsələyə görə tutmaq məncə düzgün deyil. Bildiyiniz kimi məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Lakin həmin şəxslər öz vəzifələrini həyata keçirmirlər. Fikrimcə, həmin şagirdə müəyyən cəzalar verilməlidir ki, digərləri də bundan nəticə çıxarsınlar”.

Şəhər sakini Nihad Əliyev: “Məncə şagird heç bir halda müəllimə qarşı hörmətsizlik etməməlidi. Hər bir halda müəyyən mənada onlar haqlıdılar. Dava çıxarmaq və ya müəllimə qarşı əl qaldırmazdan əvvəl yaranmış problemi düzəltməlidirlər”.

Şəhər sakini Ayşən Abdullayeva: “Müəllimə qarşı kimsə bu və ya digər hallarda tərbiyəsizlik edirsə, o gələcəkdə öz ailəsinə qarşı da bu kimi hərəkətləri həyata keçirəcək. O, şagirdin də tutulması məncə, mənasıdı çünki o bu hərəkətindən nəticə çıxarmayacaq”.

Şəhər sakini Emin Quliyev: “Bu kimi hadisələr nəyə görə əvvəllər baş vermirdi. Belə hadisələrin həll olunmasını istəyiriksə, bunun kökünə gedib çıxmalıyıq. Əgər bu problem kökündən həll olunsa, bir də belə hallar baş verməz. Eyni zamanda bu hadisənin baş verməsini yalnız şagirdin gördüyü işlərlə bağlamaq olmaz”.

Şəhər sakini Nahidə Quliyeva: “Mənim 3 nəvəm var. Onların da hər biri məktəbdə oxuyur. Gündəlik olaraq da, onları məktəbə aparıb gətirərkən müəllimlərlə kontakta keçirəm. Bugünkü gün müəllimlərin çox hissəsi öz vəzifəsini yerinə yetirə bilmir. Hal-hazırda uşaqlar nəyisə öyrənmək üçün hazırlıqlara gedir. Bu isə çox acınacaqlı bir haldı”.

Şəhər sakini Ələsgər Axundov: “Bizim vaxtımızda bizi müəllimlərimiz döyüb də, söyüb də. Amma biz onlara qarşı heç vaxt belə bir hərəkət etməmişik. Ona görə də fikrimcə, bu cür halların baş verməsi qəbul edilməzdir”.

Şəhər sakini Gülbəniz Səfərova: “İndiki uşaqları başa düşmək olmur. Müasir dövrdə hər şey dəyişdiyi kimi müəllim-şagird münasibətləri də dəyişmişdir. Uşağa evdə hər şeyi öyrədilməlidir ki, o öz müəllimi ilə danışarkən subardinasiya qaydalarına fikir versin”.

Şəhər sakini Hüseyn Kazımov: “Müəllimin müəllim yeri var, tələbənin isə tələbə yeri var. Şagird özünü müəllimin yanında normal aparmalıdı. Belə hadisənin baş verməsi gülüncdür”.

Şəhər sakini Kənan Nəmədov: “Müəllim özünü o yerə qoymamalıdır ki, şagird onu döysün. Bizim vaxtımızda müəllimi görəndə 150 metrə o tərəfə qaçırdıq ki, müəllimiz bizi görməsin. Amma indi şagird özü müəllimdən siqarət alır”.

Şəhər sakini Hafiz Əzimov: “Bizim nəsil elə vaxtda oxuyub ki, o vaxtlar müəllimə çox hörmət var idi. Hətta biz müəllimə ailəmiz kimi baxırdıq. Müəllim peşəsini həyata keçirən hər bir şəxs bizim üçün ali sayılırdı. İndi isə müəllimin şagird tərəfindən döyülməsi yox, hətta səsini belə qaldırması çox pis bir vəziyyətdi”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...