Mənşəyi bəlli olmayan dönərlər necə hazırlanır? - ŞOK FAKTLAR - SORĞU
“Dönərxanalar neçə illərdir ki, Azərbaycan istehlakçılarının tədricən və qəfil zəhərlənmə mənbəyinə çevrilib. Dönərlər standartlara uyğun hazırlanıb bişirilərsə heç bir təhlükə olmaz”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, 6 il bundan öncə dövlət orqanları dönərxanaların standartlarını hazırladı və ortada müəyyən tələblər var. “Dönərləri hazırlayıb, şişə taxıb onu şok dondurmadan keçirib soyuq zəncir şəraitində dönərxanalara çatdıran iki müəssisə müəyyən olundu. Bu “AzProtein Food” və “Səhliyalı” şirkətidir. Lakin Azərbaycanda fəaliyyət göstərən dönərxanaların heç 1 faizi də həmin yerdən dönər almırlar. Özləri naməlum ətləri şişə çəkirlər. Hansı dönərxanalara getsək görərik ki, orada AQTA-nın sertifikatı var. Yəni, ətə sertifikat verilir. Bu sertifikatlar həmin malın təhlükəsizliyini təmin etmir”.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Üstəlik ölkədə zəhərlənməyə görə cəld mexanizm yoxdur. Yəni, istehlakçı zəng edib desə ki, “filan yerdə təhlükəli mal satılır” bu zaman dövlət orqanları oraya cəld müdaxilə edə bilmirlər. Bunun üçün uzun bir prosedur var. Ona görə də biz təklif edirik ki, qida təhlükəsizliyinin təmin olunması üçün bu prosedur sadələşdirilsin. Dövlət orqanlarının müəssisələrə cəld monitorinq aparmaq imkanları yaradılsın. Təəssüf ki, bu yoxdur. Ona görə də biznes qrumları dövlətin onlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edir. Nəticədə də təhlükəli mallar və dönər istehsal edilir. Bu yolverilməzdir”.
“Təklif edirik ki, dövlətin yoxlama mexanizmi sadələşdirilsin. Dönərxanaların qarşısında qaynar telefon xətləri açılsın və dönərçilərin bir assosiasiyası yaradılsın. Mən bir ictimai təşkilatın sədri olaraq həmin assosiasiyanın yaradılmasına tam təmənnasız şəkildə kömək etməyə hazıram ki, biz bu sektoru sağlamlaşdıraq”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov isə məsələyə bu cür münasibət bildirib: “Ölkəyə idxal olunan ət məhsulları donmuş vəziyyətdə gəlir və dönərxanalarda işlənilən ətlərin çoxu ucuz ətlərdir. Ucuz ətlər də ölkəyə xaricdən idxal olunan qeyri yerli ət məhsullarıdır. Məsələn, Ukraynadan, Hindistandan gəlir. Bu ət məhsulları don vəziyyətdə gəlir və bunu dönərxanalar üçün emal edən müəssisələr onun buzunu açır və yenidən dondurur ki, dönərxanalara satış etsinlər. Dönərxanalara satış edəndə də yenidən buzunu açıb satırlar. Bir dəfə bu donub gəlib ölkəyə və ikinci dəfə donu açılır yenidən dondurulur və onlar donunu açıb istifadə edəndə zəhərlənmə halları baş verir.
Yəni, fikir versəniz dönərxanalarda dönər ətlərinin qiyməti çox aşağıdır. Bu artıq onların keyfiyyətinin aşağı olmasından xəbər verir. Mayonez məhsulları da otaq temperaturundadır. Yəni, dönərxana bilirsiniz ki, isti olur və orada spiral hər zaman yanır. Yəni, dönər aparatı işləyir və bəzi dönərxanalarda da yanında manqal da olur, kabab da olur və mayonez məhsulları, sousları hansı ki, dönərin arasına vururlar, o mayonezli souslar otaq temperaturunda qalır və otaq temperaturunda qaldığı vaxtda ağırlaşma olur, keyfiyyətinin aşağı düşməsi əmələ gəlir. Bu da təbii ki, zəhərlənmə hallarına yol aça bilər.
Bir də ki, qida məhsullarının düzgün emal olunmaması var. Məsələn, otaq temperaturunda əti saatlarla saxlayırlar, guya bunlar dönər ətini şişə vururlar, saatlarla qalır, emal vaxtı uzun sürür. Yəni, iki saata emal tamamlanmalıdırsa bunlar 3 saat ərzində, 4 saat ərzində emalı hələ tamamlandırmırlar və bu da mikroorqanizmlərin qida məhsullarında əmələ gəlməsi nəticəsində zəhərlənmə halları baş verə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB