Körpələrin tərbiyəsində cizgi filmlər hansı ROLA MALİKDİR? - EKSPERT AÇIQLADI

"Bilirsiniz ki, dünyada yeni texnologiyalar yaranıb və bu texnologiyalar demək olar ki, 1 yaşından tutmuş 80 yaşlı insanlara qədər təsir edir. Əvvəllər uşaqlarımız, körpələrimiz daha çox televiziyada, telekanallarda cizgi filmlərə və bədii filmlərə baxırdılarsa indi tamam fərqli bir vəziyyət yaranıb". Bu sözləri SİA-ya açıqlamasında ekspert Aydın Xan Əbilov deyib.

"Belə ki valideynlərin başları öz smartfonlarına qarışır, bir smartfon da körpəyə ötürülür ki, o ağlamasın, valideynə mane olmasın. Körpələr də orada internetə və yaxud yaddaşa yazılmış əcnəbilərin müxtəlif kanallarına baxmağa başlayırlar. Təəssüflər olsun ki, müxtəlif xarici cizgi filmləri, xüsusən də 3D formatında çəkilmiş cizgi seriallarının hamısı bizim uşaqların mənəviyyatına, estetik zövqünə müsbət təsir etmir. Hər cür mövzulu, qatı tünd rənglər və qatı musiqi səsləri, qəhrəmanların oriyentasiyasının məlumu olmayan müxtəlif obrazları olan cizgi filmləri uşaqların beynində mənfi emosiyalar yaradır. Onların həm fiziki, həm psixoloji, həm də estetik böyümələrinə zərərli təsirlər göstərirlər. Azərbaycanda demək olar ki, heç kim bununla bağlı tədqiqat, analizlər aparmır. Bu mənfi tendensiyanı müzakirə edib qadağalar qoyulmalıdır.

Rusiyada və bir çox xarici ölkələrdə nəinki seriallar, oyun və digər kütləvi istifadə üçün yararlı olan vizual, virtual məhsullar, həm də keçmişin cizgi filmləri və bədii filmləri ilə bağlı araşdırmalar aparılır. Bir çox oyunlara qadağalar qoyulur. Müəyyən yaş həddi ilə bağlı qəti tələblər qoyulur. Bu tələblər 6 yaşdan yuxarı 7, 8, 18+ və hətta 24+ yaş tələblərini də hökümətdən tələb edirlər. Biz dəfələrlə bununla bağlı istər Milli Teleradio Şurasına, istərsə də telekanallara təkliflər vermişdik. Bu təkliflər ona görə verildi ki, bizim gənclərin, yeni nəslin nümayəndələrinin əxlaqını pozan, xüsusən də körpələrin mənəviyyatını məhv edən, onların formalaşmamış şüuruna mənfi təsir edən bir çox cizgi filmləri, rəngli serialları, filmlər və s. kimi fəaliyyətlərlə bağlı müəyyən qadağalar olsun. Lakin təəssüflər olsun ki, onlar bu təklifi qəbul etmədilər".

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...