Sabahdan havalar pisləşir? - DİQQƏT! - PROQNOZLAR BÜROSUNUN DİREKTORU AÇIQLADI

"Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz keçəcək". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mülayim cənub-şərq küləyi əsəcək: "Havanın temperaturu 12-15 dərəcə isti olacaq. Bölgələrdə və əksər rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Arabir yağıntılı olacaq. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, Dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur".

Gülşad Məmmədova sözlərinə belə davam edib: "Havanın temperaturu Mərkəzi Aran rayonlarında 10-15, Şərqi Zəngəzur və Qarabağ bölgəsində isə 2-6 dərəcə isti olacaq".

"Noyabrın 16-da isə hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi gözlənilir. Belə ki, paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti 15-20, arabir 23-28, gecə və səhər saatlarında isə yarımadanın bəzi yerlərində 30-35 saniyəyədək güclənərək arabir yağıntılı olacaq. Havanın temperaturu bugünlərlə müqayisədə 4-7 dərəcə aşağı enərək, gündüz saatlarında 7-8 dərəcədən yüksək olacağı gözlənilmir".

"Qeyri-sabit yağıntılı hava şəraiti noyabrın 17-si səhər saatlarına kimi davam edəcək. 17-si səhər saatlarından hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi müşahidə olunur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə