Şəhidin ailəsi doğum günündə ziyarət edilib FOTOLAR

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Yeni Günəşli yaşayış sahəsinin sakini Vətən müharibəsi şəhidi, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşlərdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş əsgər Kərimov Əhməd Vaqif oğlunun doğum günündə məzarını ziyarət edib, ruhuna dualar oxunub və onun əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra şəhidin yaşadığı evin həyətində yeni istifadəyə verilmiş xatirə kompleksinə baxış keçirilib. Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Ə.Əzizov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.

Rayon təşkilat sədri Vüqar Seyidov bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. V.Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından "Anım lövhəsi"ni şəhid ailəsinə təqdim edib.Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...