Əgər immun sistemi güclü olarsa... - BİLMƏNİZ VACİBDİR - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“Hal-hazırda, xüsusilə də yay mövsümündə uşaqlar arasında qida allergiyalarına çox rast gəlinir. Qida allergiyalarının isə müxtəlif səbəbləri ola bilər. Allergiya bəzən immun sisteminin zəifliyindən olsa da, bəzən qidaların tarlalardan süfrəyə qədər hər hansı bir zəncirdən qırılmasından baş versə də, bəzən də gigiyena qaydalarına düzgün əməl olunmasa da, bir çox hallarda hər hansı bir qidanın tərkibində olan maddəyə qarşı yüksək həssaslıqdan baş verir. Bu hallarda qida allergiyalarının simptomları da fərqli ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, simptomlar bir çox hallarda dərinin qabarması, qızarması və şişkinliyi ilə olsa da, bəzən də qusma, ishal və eyni zamanda, qaşınmalar və bir çox hallarda tənginəfəslik kimi əlamətlər verə bilər: “Yaxşı olar ki, qida allergiyasının dəqiq səbəblərini bilib, onunla düzgün şəkildə mübarizə aparılsın. Qida allergiyasına səbəb olan qidalara, əsasən, yer fıstığı, küncüt, çərəzlər (qoz, fındıq, badam) və süd məhsullarını misal göstərə bilərik. Bu məhsullar yay mövsümündə istehlak olunduqda daha təhlükəli ola bilər. Eyni zamanda, mövsümündə olmayan meyvə-tərəvəzlərlə qidalandıqda uşaqlarda zəhərlənmə baş verir ki, həmin meyvə-tərəvəzlərin tərkibindəki azotlar, nitratlar, kimyəvi maddələr uşaqlarda həssaslıqla qarşılanır. Uşaqlar üçün nəzərdə tutulmuş bir çox qidalar var ki, buraya şokoladlar, cipsilər, suxariklər aiddir ki, bu məhsulların tərkibində allergiyaya səbəb olan maddələr varsa, çox təhlükəlidir. Yaxşı olar ki, hər hansı bir qidaya qarşı allergiyamız varsa, ondan uzaq olaraq imtina edək”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Eyni zamanda, sağlam qidalanaraq təbii şəkildə və yeni bişirilmiş məhsullardan istifadə etməliyik. Gün ərzində mütləq şəkildə sağlamlığımızı təmin etmək üçün hər orqanizmə görə miqdarı fərdi nəzərdə tutulan su qəbul etməliyik. Həmçinin, açıq havada olmalı, yuxu rejiminə diqqət etməli və immun sistemini gücləndirməliyik. Əgər immun sistemi güclü olarsa, allergiyaya reaksiya verməyəcəyik”.

“Son olaraq da onu qeyd edim ki, xüsusilə körpə uşaqlarda qatı qidaya keçərkən hər hansı bir qidanı verməmişdən əvvəl az miqdarda test etmək lazımdır. Test etdikdən sonra isə körpəyə həmin qidanı istədiyiniz miqdarda verə bilərsiniz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə