Gənclərin ucuz və ziyanlı qidalara maraq göstərməsi - PAYTAXT SAKİNLƏRİ - SORĞU

Müasir dövrdə insan sağlamlığına mənfi təsir göstərən amillərdən biri də "fast food", yəni ayaqüstü qidalardır. Daha çox gənclərin, məktəblilərin və tələbələrin arasında bu cür qidalanma geniş yayılıb. Qısa müddətdə ərsəyə gələn, qızardılmış ət məhsullarından hazırlanan ayaqüstü yeməklər orqanizmdə müxtəlif fəsadlar yaradır. Bəs nəyə görə gənclər bu hazır yeməklərə üz tuturlar. Qiyməti ucuz olduğuna görə yoxsa zövq məsələsinə görə. Bu məsələ ilə bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Paytaxt sakini Rafiq Məmmədov: “Onu deyə bilərəm ki, yaşlı insanlar çalışırlar dieta saxlasınlar. Səhər, günorta, şam yeməyini çalışırlar ki, vaxtı -vaxtında etsinlər. Hətta elm adamları da sübut edib ki, insanların vaxtı-vaxtında qidalarını düzgün qəbul etməsi orqanizmə yaxşı mənada böyük təsiri var. Gənclərdə isə bu tam əksinədi onlar daha çox hazır qidalara qaçırlar. Məsələn, işdən çıxanda və ya universitetdən çıxanda ac olurlar və ev yeməyi əvəzinə hazır qidalardan istifadə edirlər”.

Paytaxt sakini Elxan İbrahimov: “Əslinə qalsa “fast food”u evdə bişirilən yeməklə müqayisə etsək xərc olaraq baha qiymətə gəlir çıxır. Çünki bir menyu alsaq onun qiyməti 5-10 manat edir və hər gün də 5 manatdan hesablasaq aya 150 manat pul edir. Düşünürəm ki, “fast food”lardan istifadə etmək məncə zövq baxımından olan bir şeydir. Dünyada əslində həmişə bu qidalar qeyri-sağlam qida sayılır. Dünya ölkələrinin bəziləri hətta bu “fast food”ları qadağan edib”.

Paytaxt sakini Tamerlan Şirinov: ““Fast food”lardan istifadə edən bir vətəndaş kimi onu deyə bilərəm ki, günümüzdə hazır yeməklərə təlabat çox artıb. Mən işdən çıxarkən bir "fast food" restoranının yanından keçərkən istər-istəməz məni cəlb edir. İnsanların mənim fikrimcə, hazır yeməklərdən istifadə etməsi zövq məsələsidi”.

Paytaxt sakini Ramin Qədirov: “Mənim fikrimcə, insanların hazır qidalardan istifadə etməsinin səbəbi qiymətinin normal olması ilə bağlıdır. Misal olaraq onu deyə bilərəm ki, elə iş yerləri var ki, onların yeməkxanaları yoxdur və ya özü ilə evdən hazır yemək gətirdiyi təqdirdə onu isitməyə şərait yoxdu və bunun da nəticəsində insanlar hazır yeməklərə üz tuturlar. Hazır “fast food”lar qiymət baxımından da olduqca ucuz və dadmaq zövqümüzə də çox uyğundu”.

Paytaxt sakini Sevil Cəfərova: “Mən onu deyə bilərəm ki, bu "fast food"ları yaradanın Allah evin yıxsın. Çünki uşaqlarımızı zəhərləyirlər. Uşaqlar istədikdə məcbur olub alırsan və sonra da xəstəxanalıq olursan. Qiymət baxımından da belə desək əgər yaxşı bir yerdə yemək istəyirsənsə od qiymətinə gəlir çıxır. Mən istəyərəm ki, ölkəmizdə bu "fast food" yerlərinin bir çoxunu bağlasınlar. İnsanlar təbii qidalardan istifadə etsinlər".

Paytaxt sakini Cavid Nəsirov: “Mən də bir tələbə olaraq hazır yeməklərdən çox istifadə edirəm. Ailəmin işləri ilə əlaqədar olaraq rayonda olması və mən burada tələbə evində qaldığıma görə, tez-tez “fas food”lardan istifadə edirəm. Və onu deyə bilərəm ki, qiymət baxımından da çox əl yandırıcı qiymətlər deyil. Düzdü istəyərəm ki, evə gələndə isti yeməklərdən yeyim amma əlimdən gəlmir deyə hazır qidalara üz tuturam”.

Paytaxt sakini Orxan Qasımzadə: “Mən özüm də gənclik illərində “fast food”lardan tez-tez istifadə edirdim. Amma daha sonra zərərlərini gördükcə hazır qidalardan uzaq durmağa başladım. O hazır qidalar insan orqanizmini məhv edir və çox böyük fəsadlar yaradır. Mən insanlara tövsiyyə edərdim ki, hazır qidalardan vacib olmadıqca istifadə etməsinlər”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə