Şortik geyinənlər cərimələnəcək? - DİQQƏT! - SORĞU

Son günlərdə sosial media şəbəkələrində restoranların müştərilərə şortik qadağası etməsi geniş müzakirələrə səbəb olub. Bundan əlavə toylarda və yas məclislərinə də insanların şortiklə gedilməsi müzakirələrə səbəb olub. Bəs bu nə dərəcədə düzgündür? Bu məsələ vətəndaşların fikirlərini 2 yerə bölüb. Məsələ ilə bağlı SİA olaraq paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışdıq:

Paytaxt sakini Əli Nərimanov: “Mənim fikrimcə, restoranların şortiklə bağlı etdiyi tədbirlər yanlışdır. Bu addım müştəriləri restoranlara cəlb etmir tam əksinə həmin restoranlardan müştərilər uzaqlaşır. Qaldı ki, insanların şortik geyinməsi məsələsinə, bu məsələ ilə bağlı onu deyə bilərəm ki, hər kəsin öz geyim tərzi var. İstəyən şortik, istəyən şalvar geyinə bilər. Amma şortikində müəyyən dərəcələri var yəni, uzunluqu və ya qısa olması və başqa normativlər qorunmalıdır. Düzdür bizim cəmiyyətdə bəzi insanlar şortik geyinən oğlanlara və qızlara pis baxırlar amma bu çox yanlış bir görüş baxımıdır. Mən özümdə tez-tez şortik geyinirəm. Mənə də dostlarım tərəfindən iradlar olur ki, niyə şortik geyinirsən, kişi şortik geyinər və s. Amma mən heç bir sözə məhəl qoymuram. İnsana nə yaraşırsa onuda geyinməlidir”.

Paytaxt sakini Famil Atakişiyev: “İnsanların geyiminə hörmətlə yanaşmaq lazımdır. Əgər restorana bir vətəndaş şortiklə getmək istəyirsə və ona qarşı qadağa qoyulursa bu çox yanlış bir addımdır. İnsanların necə ki, ölkəmizdə söz azadlıqları varsa, fikrimcə geyim azadlığı da var. Biz görürük ki, cəmiyyətdə bəzi loru dildə desək “qaqa”lar şortik geyinən oğlanlara və xanımlara lağ edir, söz atırlar. Bununla bağlı istərdim ki, ölçü götürülsün. Ümumiyyətlə hansı dövlətdə və ya hansı qanunda var ki, restoranlara şortiklə gələnləri içəri buraxmırlar. Restoranlar belə etdikcə müştərilərini itirirlər”.

Paytaxt sakini Saədət Allahverdiyeva: “Mən keçmiş dövrü görən bir xanım kimi onu deyə bilərəm ki, keçmişdə kişinin kişi geyimi yəni kastyum və ya tək şalvarlar, xanımlarımızın isə gözəl xanım geyimləri var idi. Sonralar bu cinslər meydana gəldi və qiyməti də ucuz oldu deyə həm kişilər, həm də xanımlar bu geyimlərdən istifadə etməyə başladılar. İndiki zəmanədə isə şortiklər moda minib. Artıq kişilər belə şortik geyinirlər. Düzdür müasir zəmanədi hər şey inkişaf edir, amma bu dərəcədə inkişaf da böyük fəsadlar yarada bilər. İnkişaf mənim fikrimcə, geyimdə yox elmdə, təhsildə olmalıdır. Qızlarımız, oğlanlarımız yaşıdları ilə geyimdə mübarizə yerinə təhsildə mübarizə aparmalıdırlar”.

Paytaxt sakini Tural Hüsənəliyev: “Əslində etika qaydalarına görə toy və yas məclisləri, tədbirlər olsun bunların hər birinin rəsmi geyimləri olmalıdır. Amma adi zamanlarda isə insanlar istər küçədə, istərsə də restoranlarda şortik geyinə bilər yəni geyinməmələri ilə bağlı mənim fikrimcə heç bir məhdudiyyət qoyulmayıb. Biz demokratik ölkədə yaşayırıq insanıların öz azadlıqları var yəni geyim azadlığı var və heç kimsə dövlət qanunlarından başqa heç bir qanun insanların geyim azadlığını məhdudlaşdıra bilməz”.

Paytaxt sakini Elcan Xasıyev: “Əvvəllər ölkəmizdə vətəndaşlarımız bir-birinin geyiminə çox qarışmırdılar. Amma son dövrlərdə sosial şəbəkələr inkişaf etdikcə insanlar bir-birlərinin hər şeyinə qarışırlar. Mən də bu yaxınlarda sosial şəbəkədə gördüm şortiklə restoranlara buraxmırlar. Bəs belə deyək, 6-12 yaş arası uşaqdı valideyini ilə restorana gedir əynində də şortik onu içəri buraxmayacaqlar? Bu nə dərəcə də verilmiş düzgün qərardı. Mən bu qərarla razı deyiləm”.

Paytaxt sakini Emin Abbasov: “Mənim fikrimcə, insanların geyiminə heç kimsə qarışa bilməz. Restoranların verdiyi bu qərarı bir mənalı olaraq qınayıram. İnsanın geyim azadlığı var. Şortik də normal uzunluq dərəcəsi ilə geyinilibsə həmin şəxs restorana buraxılmalıdır. Mən özümdə tez- tez şortik geyinirəm və onuda deyə bilərəm ki özümdə restoranda çalışıram. Bizim restoranda vətəndaşlara elə qadağalar tətbiq olunmayıb”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə