Eyni cinsdən olan nigahlar - ŞOK SƏBƏBLƏR - EKSPERT ŞƏRH ETDİ

“İstanbulda son mitinq zamanı indiyənə qədər cinsi azlıqlar adlandırdığımız şəxslərin polis tərəfindən dəyənəklə dağıdılması bir daha Şərqdə və Qərbdə insan haqlarına, insanın təməl hüquqlarına, eyni zamanda əvvəl və sonralar qazanılan müxtəlif qurumlar tərəfindən müsbət və mənfi qarşılanan haqlarına hörmət baxımından maraqlı bir hadisə idi. Ola bilər ki, qardaş Türkiyədə cinsi azlıqların mitinq və yürüşü zamanı siyasiləşdirmə və kürd məsələsi qaldırılmasaydı İzmir və başqa şəhərlərdə olduğu kimi onlar da polis tərəfindən dağıdılmazdı". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, son 50 il bütün dünyada olduğu kimi, Azərbaycanda da ekoloji, sosial, ictimai, siyasi, demoqrafik problemlər və mənəvi dəyərlərin dəyişdirilməsi nəticəsində əvvəllər cinsi azlıq adlandırılan indi isə sosial fərqli qruplar kimi xarakterizə edilən bir qrup insanların meydana çıxmasına səbəb oldu: “Onlar üçün ənənəvi dəyərlər arxada qalır və onlar daha yeni dəyərlər, yeniliklər axtarırlar. Ona görə də onlar üçün ailə və sosial münasibətlərin fərqli forması daha maraqlı görünür. Bu formalar, fərqliliklər uğrunda onlar yeni qruplarını, yeni imiclərini, yeni davranış və yaşam tərzlərini yaradırlar və cəmiyyətə təqdim edirlər. Həm kişi, həm qadın cinsindən olub, amma özünü əks cinsə qarşı heç nə hiss etməyən şəxs kimi tanıdan, bir çoxlarımızın mavi, gey, ləzbiyan, trans kimi adlandırdığımız şəxslərin hüquqları əlbəttə digər insanların hüquqları kimi konstitusiyamızda qurulub.

Azərbaycan qanunvericiliyində eyni cinsdən olan nigahlar heç vaxt qadağan edilməyib. Eyni zamanda həm mentalitetimizdə, həm insanlarımız arasında, həm də qanunvericilikdə bu qəbul edilməyən formatdır. Amma dünyada gedən dəyişikliklər əvvəl-axır Azərbaycana da təsir etməliydi. Biz küçədə hər hansı bir iti maşın vuran zaman və ya insanlar iti daş-qalaq edən zaman dərhal onun hüquqlarını qorunmaq üçün mübarizəyə qalxırıq. Ağaclar kəsilən zaman dərhal aidiyyatı qurumlara şikayət edirik. Həmin bu heyvanlara qarşı, canlılara qarşı radikal addım atan insanların cəzalandırılmasını tələb edirik. Amma ətrafımızda olan qohum əqrəbalarımızda öz millətimizdən olan amma özünü cinsi azlıqdan sayan insanlara qarşı bu qədər həqarət, nifrət bu qədər homofobiya haradandır anlaya bilmirəm. Halbuki tarixə baxsaq, şərq tarixində saraylarda, xan saraylarında, karvansaraylarda, hamamlarda eyni cinsdən olan sevgilər, mavilik, oğlanbazlıq kimi birləşmiş bir çox yaşam tərzi normal qəbul edilir”.

Aydın Xan Əbilov həmçinin qeyd edib ki, biz Avropanın dünyanın qəbul etdiyi sivil münasibətləri qəbul etmək istəmirik: “Yəni kimsə deyirsə ki, eyni cinsdən olan nigaha qarşıyam onda zəhmət çəksin öz qızını mavi oğlana versin. Və yaxud öz ləzbiyan qızı üçün normal başqa bir tərəfdaş tapsın. Bu da mümkün deyil. Artıq Ərəb ölkələrində, İslam ölkərində, İranda, Türkiyədə və Azərbaycanda da bu qadağalar, cinsi azlıq nümayəndələrinə qarşı haqsızlıq ona gətirib çıxartdı ki, bu digər insanlar bu tipli subkultural sosial qruplara maraq göstərməyə başladı. Xoşumuz gələ bilər, gəlməyə də bilər. Normal qəbul edə bilərik, həmçinin etməyə də bilərik. Fakt odur ki, bu artıq sosial statistik faktlardır və biz bu faktlardan qaça bilmərik. Azərbaycanda sıxışdırılan geylər, lezbiyanlar, translar Türkiyədə doluşublar, Rusiyada yaşayırlar, Avropaya, ABŞ-a gedirlər. Onlar orada çox keçmədən özlərinə prestij, karyera qazanırlar, orada ailə qururlar.

Təəssüflər olsun ki, biz azərbaycanlılar geylərin, lezbiyanların azərbaycanlı həmcinsləri ilə evlənməsinə pis baxırıq. Halbuki, ABŞ-da hansısa senatın, varlının qızı ilə evlənən azərbaycanlı qıza normal baxırıq və hiddətlə qarşılamırıq. Ona görə də biz bir qədər fərqli düşünməliyik. Azərbaycan cəmiyyətinin qarşısında çox böyük təlatümlü məsələ qalır. Ya bu insanları sıxışdırırıq və bütün dünyanın bizə qapıları bağlanır, bizim tanınmış dövlət adamlarımıza, homofob görünən insandan tutmuş adi bir insana qədər hər birinə Avropa Birliyinə daxil olmaq qadağan olunur, ya da biz bu insanların yaşam tərzinə hörmətlə yanaşırıq və tolerant olaraq bunların eynicinsli nümayəndələri ilə evlilik etməsi yox, fitri istedada malik bu insanların gördüyü digər faydalı işlər maraqlandırır bizi. Azərbaycanda mavilərin, geylərin, lezbiyanların öz klubları, restoranları, əyləncə mərkəzləri yaradılmalıdır. Nəzərə alaq ki, sosial fərqli qrupların onsuz da sosial şəbəkələrdə çox geniş auditoriyası var. Bu qədər maraq olan sosial fərqli qrupları sıxışdırmaq onların nigahın qarşısını almaq, onların birgə yaşayışını mane olmaq əslində gülüncdür və 21-ci əsrin cəmiyyətlərinə yaraşmayan hərəkətdir. Mən onların təbliğini etmirəm. Amma biz onları sıxışdırmaqla, lağ etməklə əslində onları qəbul da edirik, tanıdırıq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə