Bişkekdə müstəqil Azərbaycan dövlətinə dəstək ifadə olunub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Tək millət iki dövlət – Azərbaycanla Türkiyənin birliyi əbədidir” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, bu ölkədə fəaliyyət göstərən "AZƏRİ" İctimai Birliyi, "Ahıska Türkləri" cəmiyyəti və "TÜRKEL" Media Qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız və Qırğızıstan Xalqları Məclisinə daxil olan bir sıra icmaların təmsilçiləri iştirak ediblər.

Dəyirmi masada “AZƏRİ” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Ahiska Türkləri cəmiyyətinin sədri Atamşa Dursunov, "TÜRKEL" Media Qrupunun prezidenti Hökümə Xəlilova, ictimai xadim Anarbek Usupbayev, tatar türklərinin təmsilçisi, hüquqşünas Xaris Turna, tibb elmləri doktoru, professor Zakir Qəmərli çıxış ediblər.

Natiqlər bildiriblər ki, keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq 27 il işğal altında olan yaşayış məntəqələrimizin azad olunması üçün Azərbaycan ordusunun apardığı əməliyyatları alqışlayırlar. Qırğızıstandakı toplumun müstəqil Azərbaycan dövlətini dəstəklədiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti sayəsində tezliklə torpaqlarımızın düşmən tapdağından azad olunacağına inandığı vurğulanıb.

Azərbaycanın cəbhə bölgəsindən uzaq ikinci böyük şəhəri olan Gəncənin və digər yaşayış məntəqələrinin, dinc əhalinin Ermənistan tərəfindən raket və top atəşinə tutulması kəskin şəkildə pislənilib və vandalizm aktı kimi dəyərləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş türk xalqının Azərbaycana mənəvi dəstəyinin "Bir millət iki dövlət!" prinsipinə tamamilə uyğun olduğunu söyləyən tədbir iştirakçıları Azərbaycan ərazilərinin işğaldan azad olunmasının regionun inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirin sonunda Azərbaycan və Türkiyə Prezidentlərinə müraciət qəbul edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə