"Ailə iki qanad üzərində möhkəmlənməlidir" - SOSİOLOQ

"Ailə iki qanad üzərində möhkəmlənməlidir" - SOSİOLOQ

"Ailə ikitərəfli, iki qanadı olan bir təsisatdır. Əlbəttə, bir ana, bir atadan ibarət ailələr də var, hətta yalnız övladlardan olan yetim uşaqlardan ibarət bir ailə də var". Bu sözləri SİA-ya YYSİB sədri, ictimai və mədəniyyət xadimi yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, amma ümumən götürəndə ailə çoxşaxəli və xüsusilə də Azərbaycanın milli ailə modeli ana, ata, uşaqlar, əmilər, bibilər, xalalar, dayılar, babalar, nənələrdən ibarət bir institut təşkil edir:

"Əlbəttə, əvvəllər bu, daha möhkəm bağlarla formalaşmış bir təsisat idi, model idi. Amma indi bir qədər fərqlənib, daha modern, daha Avropa yönümlü, dünyada oxşar modeli olan ailə formaları ilə biz rastlaşırıq.

Ailədə yalnız kişi işləməlidir, qadın uşaqlara baxmalıdır və evdə çalışmalıdır fikri 20-ci əsrin, hətta ortalarında qaldı. "Sevil" dramını yada salsaq, Azərbaycanda baş verən maraqlı bir ailə və gender çevrilişi haqqında danışmaq istəyirəm. 20-ci əsrin ilk illərində, keçmiş Sovet hakimiyyəti vaxtında Azərbaycanda qadınların hüquqları ilə bağlı verilmiş konstitusiya haqqının reallaşdırılması üçün qadınlarımız ailə stereotiplərinə və qadının əzilməsinə qarşı bir inqilab etdilər. Onlar çadralardan imtina etdilər, müxtəlif sahələrdə işləməyə başladılar, ailədə söz sahibi olmağa çalışdılar və hətta o vaxta qədər həmin qadın hərəkatının rəhbərlərindən biri qardaşı tərəfindən qətlə yetirilmişdi.

Ondan sonra biz sosial və mədəni sahədə müxtəlif əsərlər yazdıq. Bu, bir mədəni inqilab olaraq Azərbaycan ailəsində və Azərbaycan qadınının haqlarının ortaya qoyulması baxımından çox maraqlı bir hadisəyə çevrildi.

Ailəmiz getdikcə inkişaf edir. Müstəqillik dövründə ailələrin formaları dəyişir, bir çox yanaşmalar var, dəyərlər dəyişir. Bunlardan biri də qadının kişi ilə birlikdə işləməsi, biznes yaratması, müxtəlif sahələrdə çalışması və ailə büdcəsinin formalaşmasında, gələcək uşaqlarının həyatına töhfə verməsində, öz gələcəyini qurmasında qadınla kişinin eyni, bərabər hüquqa malik olması məsələsidir.

Düzdür, bəzi hallarda biz görürük ki, hətta qadınlar artıq kişilərdən daha üstün şərait və imkanlara malikdirlər. İndi biz bunu bir neçə vaxtdır tənqid edirik. Hər il 160 min ali təhsil alan gənc qadınlarımız, qızlarımız var, amma cəmiyyətin 70-80 min oğlan uşağı tələbə adını qazanır. Oğlanlar, kişilər yenə də ağır işlərdə çalışırlar, amma qadınlar daha elitar, daha çox gəlir gətirən, qapalı məkanlarda işləyirlər və ailədə qadınların iqtisadi cəhətdən nüfuzunun, təsirinin artdığını görürük.

Əlbəttə, hər bir yerdə olduğu kimi burada da müsbət və mənfi tərəflər var və bu məsələdə ehtiyatlı olmaq lazımdır. Azərbaycan cəmiyyəti, ailəşünaslar, münaqişə mütəxəssislərivə digər mütəxəssislər sosial və ailə məsələlərinə daha çox diqqət ayırmalıdırlar. Bu məsələləri daha ciddi şəkildə ortaya qoymağı bacarmalıdırlar.

Bəli, qadınlar işləməlidir, ailə münasibətlərində onların rolu xüsusi olmalıdır. Onlar iki qanadlı ailə modelini inkişaf etdirməlidirlər. Amma bu o demək deyil ki, qadınlar evə daha çox pul gətirdiyinə görə kişilərin hüquqları pozulmalıdır və ailə münasibətləri, ailə konfliktləri güclənməlidir. Bu, Azərbaycan cəmiyyətinin altına gecikdirilmiş bomba effekti ilə qoyulmuş bir problemə çevrilə bilər və milli-mənəvi dəyərlərimizə təsir göstərə bilər.

Əlbəttə, qadının ilk növbədə funksiyası, vəzifəsi, müqəddəs borcu ailəsini möhkəmləndirmək, ailəsinə dayaq durmaq, övladlarını layiqincə böyütmək, el-obanın, icmanın və cəmiyyətin içində öz xalqını, öz ictimaiyyətini gücləndirmək və yeni töhfələr verməkdir. Ananın ilk, əsas ilahi missiyası gözəl övladlar böyütməkdə kişiyə kömək etməkdir. Amma bu o demək deyil ki, qadınların ictimai haqqı və hüququ pozulmalıdır.

Son vaxtlar görürük ki, qadınlar cəmiyyətin müxtəlif sahələrində öz biliklərini, öz bacarıqlarını ortaya qoymağı bacarırlar. Artıq təhsildə, səhiyyədə, mədəniyyətdə, kütləvi informasiya vasitələrində, dövlət orqanlarında, bələdiyyələrdə qadınların sayı durmadan artır. Bəzi hallarda həddindən artıq çoxalır. Məsələn, məktəblərdə artıq kişi müəllimlərə az rast gəlinir, bağçalar çoxdan qadınlaşıb. Xəstəxanalarda isə yenə də cavan oğlanlardan ibarət mütəxəssislər həkim, tibb qardaşı kimi işləməyə başlayırlar. Amma ümumən götürdükdə statistik faktlar göstərir ki, qadınların rolu və sayı getdikcə artır.

Qadın da, kişi də ailə büdcəsinin formalaşmasında xüsusi rola malik olmalıdır. Həm qadın, həm də kişi çalışmalıdır ki, ər-arvad olaraq bir-birinə mehriban olsunlar, bir-birinə dayaq dursunlar, övladlarını böyütməkdə bir-birlərinə kömək etsinlər. Hətta xəstələnəndə və ya evdə hər hansı bir hadisə baş verəndə özlərini itirməsinlər və anlasınlar ki, ailə onların birgə, müştərək institutudur. Ümumiyyətlə, ailə həm də dövlətimizin və xalqımızın əsas bünövrəsini təşkil edir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə